Bakı. Etibar Məmmədov - APA. Yazıçı İsi Məlikzadənin ilk dəfə latın qrafikası ilə nəşr olunan “Qırmızı yağış” romanının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən şair Fərid Hüseyn bildirib ki, “Eşq” seriyası layihəsi çərçivəsində dünyasını dəyişən, ədiblərin silsilə əsərləri nəşr edilir. Onun sözlərinə görə, İ. Məlikzadənin əsərləri müəyyən dövrlərdə çap olunsa da, amma nədənsə “Qırmızı yağış” romanı kölgədə qalıb: “Məqsədimiz ondan ibarətdir ki, bu əsərlər yenidən dövriyyəyə buraxılsın. Düşünürəm ki, dəyərli yazıçılarımız öz əsərləri ilə xatırlanmalıdırlar. Biz bu əsərləri çap etməklə dünyasını dəyişmiş, unudulmuş yazıçının bu həyatdakı boşluğunu doldururuq”.
Kitabın redaktoru Mübariz Rəfiyev deyib ki, İ. Məlikzadə XX əsr Azərbaycan ədəbiyyatının ən böyük söz ustası və povest janrının qurucularından biridir: “Onun bir çox hekayələri şirinliyi, baməzəliyi və yumoru ilə seçilir. Onun əsərlərində keçən əsrin ortalarında Azərbaycan kəndlisinin yaşayışı, güzəranı təsvir olunur. İsi Məlikzadənin “Qırmızı yağış” romanında da təmizlik, saflıq təcəssüm olunur və bir ailə timsalında bütöv cəmiyyətin iç üzü açılır. Əsərdə yaltaqlıq, qorxaqlıq, riyakarlığın sonda insanı mənəvi uçuruma aparması göstərilir”.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli və tədbirin digər iştirakçıları İ. Məlikzadənin Azərbaycan ədəbiyyatının və povest janrının inkişafındakı xidmətlərindən danışıblar.