Bakı - APA. Azərbaycanın tanınmış yazarı Kamal Abdullanın Litvanın paytaxtı Vilnüsdə imza mərasimi keçirilib. Bu barədə APA-ya məlumat verən Kamal Abdulla deyib ki, “Sehrbazlar dərəsi” romanı keçən həftə Litva dilində çap edilib. Ayın 22-də keçirilən beynəlxalq kitab yarmarkasında isə romanın imza mərasimi keçirilib. Kitabı Litva dilinə rusca nəşrdən tanınmış dilçi və ədəbiyyatçı Lione Lapinskiyene tərcümə edib. Kitaba yazdığı ön sözdə Lione Lapinskiyene “Sehrbazlar dərəsi” romanını “ilmə-ilmə xalçaya” bənzədib. Kamal Abdulla beynəlxalq kitab yarmarkasındakı imza mərasimi və Litvadakı görüşləri ilə bağlı təəssüratını bu sözlərlə ifadə edib: “Panevejis şəhər teatrında dramaturq kimi mənimlə görüş keçirildi. Estoniyada səhnələşdirilən pyesim onların diqqətini cəlb edib. Şəhər kitabxanasında “Sehrbazlar dərəsi” romanımın ilk təqdimat mərasimi təşkil edildi. Mərasimdə təxminən 100 nəfər alim, yazar, jurnalist iştirak etdi, şəhərin meri ilə ayrıca görüşüm oldu. Litvanın paytaxtı Vilnüsdə keçirilən təqdimat mərasimində isə universitetin rektoru, professorlar, yazarlar, jurnalistlər iştirak etdilər. Litva parlamentinin sədri digər xarici ölkə yazarları arasından məni seçib qəbul etdi. Onunla ədəbiyyat barədə, Litvada kitaba maraq barədə ətraflı söhbət etdik. Litvada Azərbaycan ədəbiyyatına və sənətinə böyük diqqətlə yanaşırlar”.
Qeyd edək ki, son 2 ayda Kamal Abdullanın 3 əcnəbi dildə kitabı çapdan çıxıb. İstanbuldakı “Ötüken” nəşriyyatı dekabrın axırında Kamal Abdullanın “Miften yazıya veya gizli Dede Korkut” adlı kitabını ikinci dəfə çap edib. Fevralda müəllifin “Yarımçıq əlyazma” romanı ABŞ-da ingiliscə, keçən həftə isə “Sehrbazlar dərəsi” romanı Vilnüsdə Litva dilində işıq üzü görüb.