Bank Of Baku

Nizami Gəncəvinin İsgəndəriyyə kitabxanasında abidəsinin ucaldılması üçün razılıq əldə olunub

Nizami Gəncəvinin İsgəndəriyyə kitabxanasında abidəsinin ucaldılması üçün razılıq əldə olunub
# 27 iyun 2013 10:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin Misirin dünya şöhrətli İsgəndəriyyə kitabxanasında ucaldılması üçün Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Misirdəki səfirliyi tərəfindən İsgəndəriyyə kitabxanasının rəhbərliyi ilə danışıqlar aparılıb və bu barədə razılıq əldə olunub.

 

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, İsgəndəriyyə kitabxanasının rəhbərliyi tərəfindən bəşəri irsə malik olan Nizami Gəncəvinin abidəsinin İsgəndəriyyə kitabxanasında ucaldılması barəsində Azərbaycanın təklifi müsbət qarşılanıb.

 

Eyni zamanda Nizaminin yaradıcılığı ilə İsgəndəriyyə şəhəri arasında rəmzi bağlılığın olduğu qeyd olunaraq, Nizaminin ədəbi qəhrəman kimi inkişaf etdirdiyi İsgəndər surətinin adını daşıyan şəhərdə və kitabxanada onun abidəsinin ucaldılmasının böyük maraqla qarşılanacağı vurğulanıb. Bu xüsusda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri İsgəndəriyyə kitabxanasında olub, abidənin hazırlanması üçün lazımi ölçüləri götürüb və abidənin yerləşmə yerini və bundan irəli gələn digər texniki məsələləri müəyyən ediblər.

 

Qeyd edək ki, İsgəndəriyyə kitabxanası il ərzində bir neçə milyon turist tərəfindən ziyarət olunaraq, dünya miqyasında tanınmış elm-mədəniyyət mərkəzlərindən biridir. Bu kitabxanada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması Nizami irsinin ərəb aləmində və dünya miqyasında daha da əbədiləşdirilməsi işinə öz töhfəsini verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR