Bakı. Cavid Zeynalov - APA. Akademik Rafael Hüseynovun Məhsəti Gəncəvi haqqında urdu dilində kitabı nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, portret-oçerkdə şairənin mübarizələrlə dolu həyat yolu, ədəbi irsinin xüsusiyyətləri, Məhsəti Gəncəvinin özündən sonrakı ədəbi inkişafa göstərdiyi təsir mənbələrin verdiyi məlumatlar əsasında araşdırılıb.
Məhsətinin qadınların hüquqları, onların cəmiyyətdə mövqeyi haqqında düşüncələri, daha ədalətli bir yaşayış mühitinin bərqərar olması səmtində çalışmaları azadfikirliliyin klassik nümunəsi kimi dəyərləndirilir və urdu oxucusuna ünvanlanan yeni kitabda bütün bunlar konkret ədəbi nümunələr əsasında şərh edilir.
Əsəri urdu dilinə Tariq Həmid çevirib. Nəşrin redaktoru Tahir Həmiddir. “Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitabın yaxın vaxtlarda Pakistanda da nəşr edilməsi nəzərdə tutulur.