Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetində dərc edilmiş “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən muzeyin direktoru Rəfael Hüseynov bildirib ki, R.Mehdiyev akademik olmaqla bərabər, ölkəyə rəhbərlik edən şəxslərdən biridir. Məhz buna görə də onun məqaləsinə siyasi siması olan əsər kimi baxmaq lazımdır: “Xətai Azərbaycan dövlətçiliyinin ən müstəsna adamlarından biri olub. Xətai Azərbaycan dövlətçiliyinin, dövlət dilinin əsasını qoyan şəxsiyyətlərdən biri olub. Bu məqalə hər bir azərbaycanlı üçün bir daha düşünmək fürsəti verir. Çünki indi də Azərbaycan dövlətçiliyi üçün təhlükələr yox deyil. Məhz buna görə də Şah İsmayılın dövlətçilik modeli bu günün prizmasından daha artıq öyrənilməlidir”.
R.Hüseynov deyib ki, uzun illər ərzində Azərbaycanın qazandığı ən böyük uğur onun istiqlaliyyətidir: “Bu istiqlaliyyəti daha uzun sabahlara çatdırmaq hər biri düşüncə adamının borcudur. Ramiz Mehdiyev bu məqaləsində azərbaycançılığı təbliğ edir, vətəndaşlarda kənar təsirlərə qarşı mübarizəyə hazır olmaq aşılayır”.