Səməd Vurğunun Ev Muzeyində “Mənim 60-cılar nəslim” adlı tədbir keçirib. Muzeydən APA-ya verilən məlumata görə, qonaqlar əvvəlcə muzeydə yeni yaradılan ekspozisiya ilə tanış olublar. Ötən əsrin 60-cı illərinə həsr edilən ekspozisiyada xalq rəssamı Səttar Bəhlulzadənin tablosu, xalq şairi Vaqif Səmədoğlunun çəkdiyi rəsmləri, 60-cı illərdə yazdığı “Samizdat” adı ilə çıxan şeirləri, habelə o illərdə dəbdə olan məişət əşyaları nümayiş etdirilib. Eskpozisiyanın müəllifi rəssam Afaq Kərimovadır.
Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova 60-cı illərin orta və gənc nəslinin həyatındakı müstəsna rolundan, o illərdə yaradılan sənət əsərlərindən söz açıb: “Tədbirin məhz Səməd Vurğunun Ev Muzeyində keçirilməsi heç də təsadüfi deyil, çünki 60-cılar nəslinin ən parlaq nümayəndələrindən olan Yusif və Vaqif Səmədoğlular bu evdə həmfikirləri, dostları olan Anar, Araz Dadaşzadə, Emin Sabitoğlu, Vaqif Mustafazadə, İntiqam Qasımzadə və başqaları ilə fikir mübadiləsi aparıblar”.
Tədbirdə 60-cılar nəslinin nümayəndələri - Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, tarix elmləri doktoru Dilarə Seyidzadə, xalq artisti Oqtay Mirqasımov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı-dramaturq Aqşin Babayev sənət dostları haqqında xatirələrini bölüşüb, professor Rüstəm Kamal 60-cı illərin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ülviyyə Hacıbəyova Qara Qarayev, Niyazi, Emin Sabitoğlunun 60-cı illərdə yaratdıqları əsərləri ifa ediblər.