Müəllifin APA-ya verdiyi məlumata görə, kitabda müəllifin qafqazinfo.az saytında yayımlanan bədii və publisistik yazıları toplanıb. Kitab “Adamlar” silsiləsindən 39 hekayət kimi təqdim olunur.
Ş.Ağayar kitabla bağlı bunları bildirib: “İnsan faciəsi qarşısında hər şey bihudədir. Elə adamlar tanımışam, elə faciələrin şahidi olmuşam ki, qarşısında insan qəlbi duruş gətirə bilməz. Bu zaman yazmaq yeganə çıxış yolu olub. Mənim üçün insanın üstündə heç nə yoxdur. Tanrı belə onun qəlbində, ruhunda, gözəlliyindədir. “Xanım T.” bu insanlar haqda hekayətlər toplusudur. Oxucu ilə həyatın öz dilində danışan, insan faciələrinin hər cür bədiiyyatın üstündə olduğuna iddialı bir kitab”.
Kitabı Bakının kitab mağazalarından, məxsusi olaraq “Akademkitab” mağazasından əldə etmək olar.