Bakı. Cavid Zeynalov – APA. Türkiyədə “Hüseyn Cavidin əsərləri” adlı kitab çap olunub. APA-nın məlumatına görə, kitabın ön sözünün müəllifi tədqiqatçı-ədəbiyyatşünas Azər Turandır.
Azər Turan APA-ya bildirib ki, Hüseyn Cavidin kitabının nəşr olunma ideyası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova məxsusdur: “Min səhifəyə yaxın kitabın nəşr xərclərini “Kaspi” Təhsil Mərkəzi və “Kaspi” qəzeti çəkdi ki, bu da Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmətdir. Ümumiyyətlə, Cavid əfəndinin kitabının indiyə qədər Türkiyədə çap olunmamasını Türkiyə cəmiyyəti üçün kəsir kimi qiymətləndirmək olardı. Qardaş ölkədə bir çox azərbaycanlı ədiblərin kitabları çap olunub. Təəssüf ki, bu sırada Cavid əfəndinin kitabı yox idi. Bu məsələ məni narahat edirdi və nə yaxşı ki, Cavidin kitabı ən yüksək səviyyədə çap olundu. Hüseyn Cavid ortaq türkcənin şairidir. Cavidin dili nə tam türk dili, nə də tam Azərbaycan dilidir. Biz kitabı nəşr edəndə bu məqamı diqqətdə saxladıq. Çünki Cavid əfəndinin vəsiyyəti var ki, imlama toxunmayın. Mən də çalışdım ki, onun imlasına toxunmayım”.
A. Turanın sözlərinə görə, kitab hazırda yayım mərhələsindədir. “Hüseyn Cavidin əsərləri” Türkiyədə fəaliyyət göstərən ən böyük kitab evlərinə təqdim olunacaq: “İnşallah, yayım mərhələsi başa çatsın, oxucu kitabla tanış olsun, biz sentyabrda kitabın böyük təqdimatını keçirmək istəyirik. Məsələn, Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimat keçirmək fikrimiz var”.
Qeyd edək ki, kitabın birinci hissəsində Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Xəyyam”, ikinci hissəsində isə ədibin İstanbul Universitetində təhsil aldığı illərdə yazdığı “Maral”, “Uçurum”, “Afət”, pyesləri yer alıb. Nəşrdə Hüseyn Cavidin 30 şeiri, “Azər” poemasından parça və “Müharibə və ədəbiyyat” məqaləsi də toplanıb.