Bakı. Mais Əlizadə - APA. İstanbulda azərbaycanlı tədqiqatçının kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, İstanbuldakı “Yedirenk” nəşriyyatı azərbaycanlı tədqiqatçı Ərəstu Həbibbəylinin “Uygarlıkların kavşağında türk dünyası” adlı kitabını çapdan buraxıb.
Kitabı çapa Azərbaycan ədəbiyyatının Türkiyədəki tədqiqatçısı, filologiya elmləri doktoru Yusuf Gədikli hazırlayıb. Kitabda dünya sivilizasiyalarının yaranmasını geopolitika ilə əlaqələndirən müəllif, türk sivilizasiyasının xarakteristik özəlliyini onun “çöl” (bozkır) mənşəli olmasında axtarıb. Əsərdə türk sivilizasiyasının Çin, İran, ərəb, slavyan və Qərb sivilizasiyaları ilə münasibətləri incələnib və Qərb mütəxəssislərinin türk sivilizasiyalarına subyektiv yanaşma tərzi tənqid edilib.
Türkiyənin tanınmış tədqiqatçılarından olan doktor Y. Gədikli indiyə qədər Azərbaycan ədəbiyyatı və elminə dair 20 kitabı Türkiyədə çapa hazırlayıb. Hüseyn Cavidin 4 cildliyi gələn il çapdan çıxacaq. Gədiklinin “Şehriyar: Türkçe bütün şiirleri” kitabı Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı Türkiyədə çapdan çıxmış fundamental əsərlərdən biri sayılır.