Bakı. Cavid Zeynalov – APA. Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının sonuncu cildi nəşr olunub. Zəlimxan Yaqubun APA-ya verdiyi məlumata görə, külliyyatın sonuncu – 13-cü cildi bu günlərdə “Şərq Qərb” nəşriyyatında işıq üzü görüb. Xalq şairi bildirib ki, I-VII cildlərdə şeirlər, VII-XI cildlərdə isə müxtəlif illərdə yazılmış 40 poema yer alıb. Külliyyatın XII-XIII cildlərində Zəlimxan Yaqubun ictimai-siyasi və dövlət xadimlərinə məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr çap olunub. Xalq şairini görkəmli ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı düşüncələri və s. yazıları toplanıb.
Çoxcildliyin tərtibçisi və redaktoru Musa Nəbioğludur.