Nazir: Universitetlərdə elmi tədqiqat işləri üzrə ən böyük problem maliyyələşmə ilə bağlıdır

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 23 may 2024 10:42 (UTC +04:00)

Universitetlərdə elmi tədqiqat işləri ilə bağlı ən böyük problem adambaşına maliyyələşmə ilə bağlıdır.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.

O bildirib ki, Azərbaycan ali təhsil müəssisələri müəyyən mənada gənc hesab oluna bilər:

“Bir müddət onlar əsasən kadr hazırlığı ilə məşğul olub. Təhsil islahatları zamanı bəzi müəssisələrin adının akademiya, institut kimi dəyişməsi də təsadüfi deyil. Elm və Təhsil Nazirliyi olaraq elmi tədqiqatların da stimullaşdırılması bizim üçün əhəmiyyətlidir. Hazırda universitetlərdə elmi tədqiqat sahəsində ən böyük problem adambaşına maliyyələşmə ilə bağlıdır”.

Nazir qeyd edib ki, adambaşına maliyyələşmə modeli adından da göründüyü kimi yalnız tələbənin tədrisi üçün lazım olan maliyyə xərclərini ehtiva edir:

“Bunun içində hansısa tədqiqat komponenti yoxdur. Təhsil haqqı ilə tədqiatı maliyyələşdirmək çətin bir prosesdir. Bu gün bəzi universitetlər təhsil haqqından qənaət etdiyi vəsait hesabına tədqiqat işləri görür. Yalnız ötən il pilot şəklində maliyyələşmə forması tətbiq edilib. Nəticədə bir neçə ali təhsil müəssisəsinə 8 milyon manat verilib. Azərbaycanın ali təhsil müəssisələri gəncdir. Uzun müddət ərzində kadr hazırlamağa fokuslanan müəssisə olub. İstənilən reytinq nüfuzunu müəyyən edən əsas amil elmi tədqiqatın çəkisi və keyfiyyətidir. Artıq bütün dünyada elmi-tədqiqatların ölçülməsinin açıq metrikləri var. Son bir neçə ildə davamlı artan istiqamətdə bir sıra universitetlərimizin elmi tədqiqat işlərində kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR