Norveçdə çalışan azərbaycanlı bu ölkədə mükafata layiq görülüb

Norveçdə çalışan azərbaycanlı bu ölkədə mükafata layiq görülüb
# 13 iyun 2016 16:37 (UTC +04:00)

Bakı – APA. Norveçin “Statoil” neft şirkətində yeraltı dəstək mərkəzində aparıcı mühəndis kimi çalışan Rüfət Babayev Stavangerdə Neft Mühəndisləri Cəmiyyətinin (SPE Stavanger) “İlin gənc mühəndisi” mükafatına layiq görülüb.

APA-nın xəbərinə görə, R. Babayev Statfyordun istismar müddətini bitirmiş iki quyusunda boruların tərs qaz axını sisteminin quraşdırılması (İGLS) layihəsində fəaliyyəti ilə əlaqədar mükafatlandırılıb. Bu layihə zəif, ikinci dərəcəli maneələr səbəbilə şərti qaz axınının tətbiqinin mümkün olmamasından lay təzyiqi ilə boşaldılmış quyularda hasilatı artırmaq və ya başlamaq üçün alternativ həll kimi irəli sürülüb. “Bu, iqtisadi səmərəli və alternativ həllər üçün tətbiq olunan ən mükəmməl mühəndislik nümunəsidir. Sən bu mükafata layiqsən, Rüfət!” deyən şirkətin qazma və mühəndislik bölməsinin vitse-prezidenti Erik G. Kirkemo həmyerlimizin layihəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, Rüfət Babayevin aldığı nəticələr barədə məruzəsi 2015-ci ilin martında Neft Mühəndisləri Cəmiyyətinin (SPE) ABŞ-ın Hyuston şəhərində keçirdiyi beynəlxalq konfransında da böyük maraqla qarşılanıb. Beş ildən çoxdur ki, “Statoil” şirkətində çalışan R. Babayev bu şirkətdə işə başlamazdan əvvəl “BP Azərbaycan”da çalışıb. O, Almaniyanın Freiberg Mədən Akademiyası Texniki Universitetinin Neft mühəndisliyi üzrə magistr dərəcəsini alıb. Layihə mühəndisi və dizayn, planlaşdırma və icra lideri kimi fəaliyyət göstərib, müxtəlif sahələrdən olan həmkarlarıyla Statfyord quru və dənizdə müdaxilə komandasıyla işləyib, müəllifi olduğu İGLS layihəsi 2014-cü ilin iyul-oktyabr aylarında Statfyord A quyularında uğurla quraşdırılıb.

Məlumat üçün qeyd edək ki, Neft Mühəndisləri Cəmiyyətinin təsis etdiyi bu mükafat neft mühəndisliyi peşəsində və neft sənayesində müstəsna xidmətlərinə, liderlik keyfiyyətlərinə görə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR