Naxçıvanda ilin birinci yarısında iqtisadiyyata kredit qoyuluşunun həcmi açıqlanıb

Naxçıvanda ilin birinci yarısında iqtisadiyyata kredit qoyuluşunun həcmi açıqlanıb
# 20 iyul 2016 08:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2016-cı il tarixinə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 114 mln. 171 min manat təşkil edib.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən “APA-Economics”ə verilən xəbərə görə, o cümlədən qısamüddətli kredit qoyuluşu 12 mln. 371 min manat, uzunmüddətli kredit qoyuluşu isə 101 mln. 800 min manat olub.

Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 mln. 617 min manat azalıb. Azalma cari dövrdə yığılmış vaxtı keçmiş kredit borcları hesabına olub.

Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 10 mln. 125 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 9 mln. 49 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər, real sektor da dəstəklənib. Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb.

Bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin ilk 6 ayı ərzində 20 mln. 411 min manat kredit verilib ki, bunun da 6 mln. 805 min manatını qısamüddətli, 13 mln. 606 min manatını isə uzunmüddətli kredit təşkil edir. Verilmiş kreditin 7 mln. 234 min manatı kənd təsərrüfatı, 370 min manatı sənaye, 75 min manatı tikinti, 2 mln. 181 min manatı kommersiya, 3 mln. 617 min manatı nəqliyyat sahələrinə, 721 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 6 mln. 203 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.

“2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda banklar qarşısında qoyulan vəzifələrin icrası ilə əlaqədar müvafiq işlər görülüb. 2016-cı ilin 6 ayı ərzində verilmiş kreditlərin 35,4%-ni və ya 7 mln. 233 min manatını kənd təsərrüfatı kreditləri təşkil edir. Kənd təsərrüfatı kreditləri aqrar sahənin inkişafı ilə yanaşı, ənənəvi istehsal və kiçik emal sahələrinin yaradılmasında stimul olub.

Bu kreditlər, əsasən, prioritet sayılan və muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq istehsal proseslərinin təmin edilməsi üçün çoxsaylı komponentlərə – toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, digər aqrotexniki tədbirlərin aparılmasına, heyvandarlığın inkişafına verilib.

Verilmiş kreditlərin 41,1%-ni kiçik həcmli kreditlər təşkil edir. Gələcəkdə bu cür kreditlərin verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır.

2016-cı ilin 6 ayı ərzində banklara 27 mln. 404 min manat kredit borcu qaytarılıb. Vaxtı keçmiş kredit borclarının yığılması işi sürətləndirilərək cari ilin birinci yarısında Sahibkarlığa Kömək Fondu vəsaitlərindən 3 mln. 555 min manat vaxtı keçmiş kredit borcları yığılıb. Bu sahədə müəyyən irəliləyişlərə nail olunsa da, 12 mln. 7 min manat vaxtı keçmiş kredit borcları mövcuddur. Vaxtı keçmiş borcların 11 mln. manatını Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına, 1 mln. 7 min manatını bank və bank olmayan kredit təşkilatlarının vəsaiti hesabına verilmiş kreditlər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR