Bakıda Azərbaycan-Belçika biznes forum keçirilib

Bakıda Azərbaycan-Belçika biznes forum keçirilib
# 29 aprel 2014 14:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Belçika biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, konsaltinq, qida, sənaye, energetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

Azpromo-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycan-Belçika iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, indiyədək iki ölkə arasında 7 sənədin imzalandığını, hazırda Azərbaycanda ticarət, tikinti, xidmət, nəqliyyat, rabitə, sənaye və s. sahələrdə 19 Belçika kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirib.

O, Belçika iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.

Belçikanın Valloniya vilayətinin Xarici Ticarət və İnvestisiya Agentliyinin (AWEX) Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə direktoru Dominik Turner Valloniya iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətli olduğunu, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.

Tədbirdə Azpromo-da rəhbərinin müşaviri Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Awex agentliyinin Türkiyədəki ticarət və investisiya sahələri üzrə müşaviri Erik Bletard ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Sonra Azpromo və AWEX agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR