Bəzi ali məktəblərdə idman klubları yaradılıb

Bəzi ali məktəblərdə idman klubları yaradılıb
# 11 mart 2015 10:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi ali təhsil müəssisələrinə təhsil alanların maraq çevrəsinə uyğun olaraq, daha faydalı şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün Bədən tərbiyəsi və idman kafedralarının bazasında idman klubunun təşkil olunması, müəllimlərin bu klublarda idman növləri üzrə məşqçi vəzifəsinə götürülməsi və tələbələrin fiziki hazırlığının bölmələrdə aparılmasını tövsiyə edib.

Nazirlikdən APA-ya verilən xəbərdə bildirilib ki, bu da hər bir tələbənin marağına uyğun olaraq, formal deyil, daha effektli bədən tərbiyəsi və idmanla məşğul olmasına zəmin yaradır: "Bu tədris ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və digər universitetlərdə yeni təşəbbüs uğurla tətbiq olunub və tələbələr öz maraq dairələrinə uyğun olaraq idman klublarında idmanın müxtəlif növləri ilə məşğul olurlar. Deməli, müvafiq universitetin tələbəsi bədən tərbiyəsi ilə formal saatlarda deyil, daha sistemli şəkildə klub və bölmələrdə öz fiziki sağlamlığını möhkəmləndirir. Bu təcrübə dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrində də eynidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR