Bakı. Musa Əhmədov - APA-Economics. 2018-ci ilədək “Şahdəniz-2” layihəsi çərçivəsində 2 platforma quraşdırılacaq.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, 2018-ci ilədək layihə çərçivəsində sualtı boru kəmərləri çəkilməli və Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. R. Abdullayev əlavə edib ki, bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanı artırılacaq: “İstiqlal” və “Dədə Qorqud” qurğuları təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır”.
R. Abdullayev qeyd edib ki, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq”.
Həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağını deyən ARDNŞ rəhbəri bildirib ki, bu, ölkənin istehsalat və inşaat potensialını daha artıracaq.