Sığorta hadisələri nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə beynəlxalq şirkət Azərbaycanda fəaliyyətə başlayır

Sığorta hadisələri nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə beynəlxalq şirkət Azərbaycanda fəaliyyətə başlayır
# 19 dekabr 2014 11:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri kimi geniş təcrübəyə malik olan “Audatex” şirkəti Azərbaycanda fəaliyyətə başlayır.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı İSB ilə “Audatex” şirkəti və həmin şirkəti Fransada təmsil edən “Sidexa” şirkəti arasında “Birgə fəaliyyət haqqında” müqavilə imzalanıb. Müqavilə bu ilin dekabrın 16-da “Sidexa” şirkətinin ali idarəedici orqanı tərəfindən təsdiq olunub. Həmin sənədə əsasən növbəti ay ərzində “Solera Azərbaycan” şirkətinin yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə, həmçinin, “Audatex” şirkətinin təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi ilə əlaqədar şirkət tərəfindən lazımi işlər həyata keçirilir.

“Solera Azərbaycan” şirkətinin 2015-ci ilin iyulun 1-dən fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, “Audatex” şirkəti dünyanın bir çox ölkəsində xidmət göstərir. Zərərlərin qiymətləndirilməsi üzrə sahənin ölkədə inkişaf etdirilməsi, beynəlxalq praktikaya uyğunlaşdırılması və s. məsələlər baxımından adı çəkilən şirkətin iş təcrübəsi xüsusi əhəmiyyət kəsb edir.

“Audatex” proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin dəyərinin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR