Nazir Əli Abbasov İraq səfiri ilə görüşüb

Nazir Əli Abbasov İraq səfiri ilə görüşüb
# 30 sentyabr 2015 12:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan Hökuməti və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Əli Abbasov əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün hər iki tərəfin böyük maraq və səy göstərdiyini, bu təşəbbüslərin hökumət və ölkə rəhbərlikləri səviyyəsində hər zaman dəstəkləndiyini qeyd edib. İKT və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu da nəzərə çatdıran nazir Azərbaycan-İraq əlaqələrində yeni istiqamətlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.

Qarşılıqlı dostluq və etimada əsaslanan münasibətlərin bundan sonra da bu dəyərlər üzərində davam etdiriləcəyini vurğulayan diplomat əməkdaşlığın inkişafında Ə. Abbasovun həmsədrliyi ilə Bakıda baş tutan Azərbaycan Hökuməti və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının rolunu xüsusi dəyərləndirib. Əməkdaşlıqda yeni istiqamətlərlə bağlı Bakıda başlayan müzakirələrin Bağdadda keçiriləcək Birgə Komissiyanın ikinci iclasında davam etdiriləcəyini qeyd edən diplomat bu danışıqların da uğurla nəticələnəcəyinə, əlaqələrin dinamik inkişafının gələcəkdə də bütün istiqamətlər, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində daha da yüksələcəyinə əminliyini bildirib.

Görüşün sonunda Ə. Abbasov münasibətlərin inkişafında səmərəli fəaliyyətinə görə səfirə bir daha təşəkkürünü bildirib və gələcək işlərində uğurlar diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR