İşğaldan azad edilmiş torpaqlar minalardan təmizlənəndən sonra karbamidin daxili bazarda satış göstəriciləri kəskin şəkildə artacaq.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu barədə SOCAR-ın Sumqayıtda yerləşən karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, ötən il daxili bazarda 48 min ton karbamid satılıb, bu da illik müqayisədə 20% çoxdur. Belə ki, 2020 ildə bu göstərici təqribən 40 min ton olub.
"Ümid edirik, işğaldan azad edilmiş torpaqlar minalardan təmizlənəndən sonra karbamidin daxili bazarda satış rəqəmləri kəskin şəkildə artacaq və biz də Qarabağın inkişafına, kənd təsərrüfatının inkişafına böyük bir töhfəmizi verəcəyik", - X. Cəfərov qeyd edib.
Onun sözlərinə görə, əsas məqsəd daxili bazarın karbamid gübrəsi ilə tam təmin olunmasıdır. Yalnız daxili bazar tam gübrə ilə təmin olunandan sonra məhsul ixraca yönəldilir. Karbamid zavodunun istismara veriləndən sonra yerli fermerlər əlverişli qiymətlərlə keyfiyyətli gübrəni əldə edə bilirlər və onun xaricdən gətirilməsinə artıq ehtiyac qalmır.
"Dünya bazarlarında karbamidin bir tonunun qiyməti 700-800 dollara çatmışdırsa, bizim daxili bazarda fermerlər üçün karbamidin qiyməti hələ də həmin səviyyədə qalmışdı, biz bu qiyməti saxlamışıq 420 manat səviyyəsində, bu da təqribən 250 dollara yaxın bir məbləğ edir. Xarici bazarlarda qiymət artımı daxili bazarda karbamidə olan qiymətin artımına səbəb olmayıb", - deyə, X. Cəfərov yekunlaşdırıb.
Xatırladaq ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.