“Yeddi Gözəl” baleti ilk dəfə ABŞ-da nümayiş olunub - FOTOSESSİYA

“Yeddi Gözəl” baleti ilk dəfə ABŞ-da nümayiş olunub - <span style="color: red;">FOTOSESSİYA
# 13 oktyabr 2014 09:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi Gözəl” baleti ABŞ-ın Kaliforniya ştatında səhnələşdirilib.

Konsulluqdan APA-ya verilən məlumata görə, ABŞ-da ilk dəfə nümayiş edilən “Yeddi Gözəl” baletinə 3 mindən çox adam tamaşa edib.

Tamaşa Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonun məşhur Şəhər Teatrında (Civic Theater) göstərilib.

San Dieqo Baletinin səhnəyə qoyduğu tamaşanın xoreoqrafı sözügedən baletin direktoru, yüksək mükafatlar laureatı Xavier Velaskodur. Baletin musiqisi tanınmış dirijor Randal Tvidin rəhbərlik etdiyi nüfuzlu Grossmont Simfonik Orkestri tərəfindən, bütün rollar isə amerikalı balet ustaları tərəfindən ifa edilib.

Baletin yeni səhnələşdirilməsində Azərbaycan milli geyimlərindən, eləcə də “Yallı” kimi milli rəqslərimizin elementlərindən istifadə tamaşanın milli ruhunu daha da gücləndirib. Dahi Qara Qarayevin baleti amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Tamaşadan sonra rəsmi ziyafət verilib. Ziyafətə ABŞ-ın federal və yerli seçkili orqanlarının rəsmiləri, San Dieqo və digər müxtəlif şəhərlərin bələdiyyə şuralarının üzvləri, xarici diplomatlar, ictimai və mədəniyyət xadimləri, rejissor və bəstəkarlar, universitet professorları və KİV nümayəndələri qatılıblar. Ziyafətdə ARDNŞ vitse-prezidenti Xalik Məmmədov da iştirak edib.

Ziyafətdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Yeddi Gözəl” baletinin bu nümayişini Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə adlandırıb. Baş konsul uğurla keçən tamaşanı Azərbaycan mədəniyyət diplomatiyasının zəfəri kimi dəyərləndirib.

Sonra ABŞ konqresmeni Syuzan Deyvis, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Məclisin üzvü Asim Mollazadə, Grossmont Kollecinin prezidenti Sindi Mayls, tamaşanın dirijoru R.Tvid və xoreoqrafı X. Velasko çıxış ediblər. Onlar tamaşanın önəmindən, “Yeddi Gözəl” baletinin tərənnüm etdiyi tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərdən bəhs ediblər və öz təəssüratlarını bölüşüblər.

San Dieqo şəhərinin Beynəxalq Məsələlər Bürosunun rəhbəri Bryus Abrams isə San Dieqo merinin imzaladığı bəyannaməni təqdim edib. Bəyannaməyə əsasən 2014-cü ilin 11 oktyabr tarixi San Dieqo şəhərində “Yeddi Gözəl Günü” elan edilib.

Tamaşa və ziyafətdən görüntülərlə bu linkdə tanış olmaq olar: http://youtu.be/Eaxgl43OLVU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR