2026-cı ilin əvvəlindən Azərbaycanda qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 36 min artaraq 1 milyon 67 mini ötüb.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələri ölkə üzrə ümumi əmək müqavilələrinin 56,5%-ni təşkil edir.
E.Əliyev qeyd edib ki, cari ilin 9 ayında ölkə üzrə ümumi daxili məhsulun 70,3%-i qeyri-neft-qaz sektorunda formalaşıb.
Nazir müavini bildirib ki, 2021–2025-ci illərdə qeyri-neft-qaz sektorunda orta illik real artım təxminən 6% təşkil edib.
Bununla yanaşı, 2026-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş 14,7 milyard manat investisiyanın 9,8 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb.
“Bazara girişdə, maliyyə və infrastruktura çıxışda yaranan hər bir çətinliyin nəticəsi həm investisiyalarda, həm də iş yerlərində özünü göstərir”, – deyə E.Əliyev vurğulayıb.
Nazir müavini əlavə edib ki, 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin əsas məqsədi rəqabət mühitinin yaxşılaşdırılmasının sahibkarların fəaliyyətində və istehlakçıların gündəlik həyatında praktik nəticələr verməsini təmin etməkdir.