Bəxtiyar Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

Bəxtiyar Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb
# 06 fevral 2012 13:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin Qaradağ Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Vəkil İntiqam Əliyevin APA-ya verdiyi xəbərə görə, prosesdə B. Hacıyevə dövlət tərəfindən vəkil təyin olunub. Lakin o, bundan imtina edərək, nümayəndəsi İntiqam Əliyevin onun hüquqlarını müdafiə etməsi barədə vəsatət verib. Lakin vəsatət təmin olunmayıb. Daha sonra prosesdə işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunub. Məhkəmənin baxış iclası fevralın 20-nə təyin olunub.

Qeyd edək ki, B. Hacıyev vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Lakin ərizəyə B. Hacıyevin saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsində hakim Rəşad Mustafayevin sədrliyi ilə baxılıb və şikayət təmin olunmayıb.

Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il martın 4-də Gəncə şəhərində həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə irəli sürülmüş ittiham üzrə B. Hacıyev haqqında 2 illik həbs qərarı çıxarıb. Gəncə Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətini təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR