“Hürriyet” qəzetində Azərbaycanla bağlı geniş yazı dərc olunub

“Hürriyet” qəzetində Azərbaycanla bağlı geniş yazı dərc olunub
# 17 fevral 2012 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, müəllif Zeynəb Gürcanlının Bakıdan hazırladığı məqalədə əsasən Azərbaycan və Türkiyə arasında münasibətlər, Fransa parlamentində “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul edilən qanuna Azərbaycanın münasibəti və Türkiyə-Ermənistan əlaqələrindən bəhs olunub.

Yazıda Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikirlərinə də yer verilib. Fransa parlamentinin qərarına rəsmi Bakının sərt şəkildə etiraz etdiyini deyən N. Məmmədov aşağıdakıları söyləyib: “Bizim parlament bununla bağlı qərar qəbul etdi. Bu qanunun Azərbaycanın Fransa ilə münasibətlərinə zərər gətirəcəyini dedik. Fransa Senatından heyət dəvət etdik. Onlara mesajlarımızı çatdırdıq. Biz bu qanuna qarşı Türkiyədən daha çox çalışdıq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə qeyd edib ki, Milli Məclis Fransa parlamentinin addımına etiraz olaraq xüsusi qərar qəbul etsə də, TBMM yalnız sədr səviyyəsində yazılan məktubla kifayətlənib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə məsələ ilə bağlı iqtidar, müxalifət və müstəqil millət vəkillərinin bir yerdə çalışdığını nəzərə çatdırıb: “Qanun layihəsinin 77 imza ilə Konstitusiya Məhkəməsinə göndərilməsində Azərbaycanın da payı var”.

Xarici işlər nazirinin müavini Xələf Xələfov isə deyib ki, Türkiyə ictimaiyyətinə yetərincə çatdırılmasa da, Fransanın Bakıdakı səfiri iki dəfə XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib: “Azərbaycan bunu öz məsələsi olaraq qəbul edir. Azərbaycanın bu siyasəti davamlıdır. Bu gün Türkiyənin yanında Azərbaycan qədər duran başqa bir ölkə yoxdur”.

Yazıda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılması məsələsi ilə əlaqədar N. Məmmədovun mövqeyi də yer alıb. N. Məmmədovun fikrincə, bunun üçün konsensus lazımdır və hazırda bu konsensusu əldə etmək mümkün deyil.

Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara toxunan Asim Mollazadənin fikrincə, ən böyük erməni lobbisi Fransada və ABŞ-da deyil, Türkiyədədir: “İstanbulda keçirilən mitinqə qatılanlar “hamımız erməniyik” deyirlər”.

S. Seyidov isə qeyd edib ki, bu gün Türkiyə-Ermənistan sərhədləri sadəcə virtual olaraq bağlıdır: “İstanbuldan İrəvana gündə 4 təyyarə uçur. Türkiyədə 100 minə yaxın erməni qaçaq şəkildə işləyir. Bu nə cür sərhəd bağlamaqdır?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR