Azərbaycanda bu il 31 426 ədəd qanuni əyarı olmayan zərgərlik məmulatları aşkarlanıb

Azərbaycanda bu il 31 426 ədəd qanuni əyarı olmayan zərgərlik məmulatları aşkarlanıb
# 10 iyul 2012 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 44 sahibkarlıq subyektində dövlət əyar nəzarəti keçirilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 31 426 ədəd zərgərlik məmulatları aşkar edilib. Bir çox hallarda həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Xidmət tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Aparılmış əyar nəzarəti tədbirləri zamanı Gəncə şəhəri, Nizami küçəsi,50 ünvanında yerləşən Mərkəzi Univermaqda fəaliyyət göstərən 8 sahibkara və Gəncə şəhəri, Nizami küçəsində fəaliyyət göstərən iki sahibkara məxsus obyektlərdə aparılan yoxlamalar zamanı dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib. Belə ki, qeyd edilən obyektlərdə aparılan yoxlamalar zamanı satışda olan bütün məmulatların, yəni 6 847 ədəd zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 46%-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

Bu ilin 6 ayı ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə müvafiq olaraq 299,9 min manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən 41,8 min manat məbləğində inzibati cərimə tətbiq edilib.

Ümumilikdə, hesabat dövründə Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 1,010 mln. manat dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR