Azərbaycanda biznes mühitinin yaxşılaşması üçün tədbirlər görüləcək

Azərbaycanda biznes mühitinin yaxşılaşması üçün tədbirlər görüləcək
# 07 sentyabr 2012 12:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin təkmilləşdirilməsi nəzərdə tutulur.

«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda nəzərdə tutulur.

Sənədə əsasən, bu tədbirlər bir neçə istiqamətdə həyata keçiriləcək. Belə ki, Milli Planda dövlət satınalmalarının təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması üçün tədbirlər yer alıb. Bura elektron dövlət satınalmalarının tətbiq edilməsi, satınalma müqavilələrinin icrasında qanun pozuntularına yol vermiş şəxslərin gələcəkdə bu prosesdə iştirakını məhdudlaşdıran mexanizmin yaradılması, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrlə bağlı şikayətlərə təxirə salınmadan baxılması daxildir. Bundan başqa, sənədə əsasən satınalan təşkilatlar növbəti il üçün satınalma planlarını Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirməlidirlər. Buna 2013-cü ildən başlanmalıdır.

Sənəddə ölkədə lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Belə ki, lisenziyaların və icazələrin verilməsi şərtləri və müddətləri sadələşdiriləcək. Nazirlər Kabineti bununla bağlı təkliflərini bu ilin sonunadək təqdim etməlidir. Bu sahədə digər yenilik vergi bəyannamələrinin təqdim edilmə dövriliyinin azaldılması olacaq. Vergilər Nazirliyi bununla bağlı təkliflərini 2013-cü ildə təqdim etməlidir. Milli Planda özəlləşdirmədə şəffaflığın artırılması, gömrük tarif və rüsumlarının toplanması prosesinin təkmilləşdirilməsi də nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR