«Azərbaycanda İKT-dən istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi» araşdırmasının təqdimatı keçirilib

«Azərbaycanda İKT-dən istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi» araşdırmasının təqdimatı keçirilib
# 06 aprel 2012 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Marketinq Cəmiyyəti (AMC) «Azərbaycanda İKT-dən istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi» mövzusunda apardığı araşdırmanın nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimat mərasimi keçirib.

«APA-Economics»in məlumatına görə, təqdimat mərasimində çıxış edən AMC-nin İdarə Heyətinin sədri Rəhim Hüseynov qeyd edib ki, Cəmiyyət İKT sektorunun Azərbaycanın aparıcı və prioritet sahə olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq, sektorda son illər həyata keçirilən islahatların nəticələrinin qiymətləndirilməsi məqsədilə araşdırma aparıb. Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəklində aparılıb, ev təsərrüfatlarının müəyyənləşdirilməsi sistemli, təsadüfi seçim əsasında həyata keçirilib: «Sorğu bu ilin yanvar-fevral aylarında keçirilib və Azərbaycanın 10 iqtisadi zonasının 8-də aparılaraq 6 min nəfər respondenti əhatə edib. Araşdırmanın nəticələri göstərib ki, 2011-ci ildə ölkə ərazisində ev təsərrüfatlarının 56%-də ən azından 1 kompüter var və ölkədə hər 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı 22-dir. Ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 68%-ə bərabərdir. Bu isə Azərbaycanın hər 100 nəfərə düşən internet istifadəçilərinin say göstəricisinə görə dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlaması deməkdir».

R.Hüseynov onu da bildirib ki, sorğuda iştirak edən respondentlərin yaş kateqoriyası 16-74 olub və onların 45%-i kişi, 55%-i isə qadın olub: «Respondentlərin 44%-i kompüterlərinin olmadığını, 56%-i isə evdə kompüterin mövcudluğunu bildirib. Halbuki 2010-cu ildə bu göstərici müvafiq olaraq 74% və 26% təşkil edib. Eyni zamanda, sorğu iştirakçılarının 38%-i növbəti yarım il ərzində kompüter alacaqlarını bildiriblər».

AMC rəsmisi həmçinin bildirib ki, kompüteri olan respondentlərin 64%-i personal kompüterə, 35%-i laptoplara, 1%-i isə tabletlərə sahibdir.

Maraqlısı odur ki, kompüter və internetdən istifadə edənlərin 63%-i mahnı və video yükləmək üçün, 52%-i elektron poçt alıb-göndərmək üçün, 40%-i məhsul və xidmətlərin əldə edilməsi üçün, 39%-i oyun oynamaq üçün, 21%-i internet vasitəsilə telefon danışıqları aparmaq üçün, 20%-i isə «online» qəzet, jurnal və ya kitablardan yaralanır.

R.Hüseynov onu da vurğulayıb ki, aparılan sorğu nəticəsində internet və kompüterdən əsasən gənclər istifadə edir.

«Ümumiyyətlə, sorğunun nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisə əsasında demək olar ki, ölkədə İKT sahəsinin inkişaf dinamikası yüksəkdir və bu sektorda geniş potensial mövcuddur», - deyə R.Hüseynov bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR