“Nar Mobile”ın 3G xidmətlərindən bütün metro stansiyalarında istifadə mümkün olacaq

“Nar Mobile”ın 3G xidmətlərindən bütün metro stansiyalarında istifadə mümkün olacaq
# 25 aprel 2012 14:25 (UTC +04:00)
Bakı - APA-Economics. “Nar Mobile” mobil operatoru artıq yaxınlarda 2G xidmətlərinə əlavə olaraq paytaxtın bütün metro stansiyalarında 3G xidmətlərinə də başlayacaq.

“Nar Mobile”dan “APA-Economics”ə verilən məlumata görə, hazırda şirkətin təqdim etdiyi xidmətlərdən metropolitenin “Sahil”, “Nizami”, “28 May”, “Memar Əcəmi”, “Azadlıq” stansiyalarında istifadə etmək mümkündür.
Xidmətə səsli rabitə, mətnli SMS-lərin göndərilməsi, məlumatların göndərilməsi və internetə çıxış kimi xidmətlər daxildir. Hazırda “Nar Mobile” 3G xidmətlərini saniyədə 14,4 mb sürəti ilə göstərir.

“Ölkənin innovativ, sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” artıq yaxın günlərdə abunəçilərini növbəti dəfə sevindirmək niyyətindədir. Bir müddət öncə xəbər vermişdik ki, bir sıra metro stansiyalarında şirkətin mobil xidmətlərindən istifadə etmək mümkündür, lakin yaxın günlərdə isə artıq abunəçilərimiz bütün metro stansiyalarında tam mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər. Bu gün “Nar Mobile” xidmətlərini saniyədə 14,4 mb sürətlə göstərir, bu isə o deməkdir ki, şirkətin xidmətləri tam olaraq Avropa standartlarına uyğundur. Şirkət abunəçilərinə yüksək səviyyəli xidmət göstərmək və şəbəkənin genişləndirilməsi üçün 85 mln. dollar ayırıb. Məhz bunun nəticəsidir ki, “Nar Mobile” bu gün bazarda öz liderliyini qoruyub saxlaya bilir. Ümid edirəm ki, yaxınlarda təqdim edəcəyimiz bütün metro stansiyalarında mobil xidmət təkcə paytaxt sakinlərinin deyil, həmçinin ölkəmizə buyuracaq turistlərində mobil ehtiyaclarını tam olaraq ödəyəcək” - deyə “Nar Mobile” şirkətinin baş icraçı direktoru Yurqen Pits bildirib.

“Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin innovativ, şəffaf telekommunikasiya şirkətidir. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR