Azərbaycan və Laos 30 ildən artıqdır ki, dostluq münasibətlərini və ardıcıl siyasi dialoqu davam etdirirlər.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Laos İnvestisiya və biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, iqtisadi əməkdaşlığımızı da eyni səviyyəyə çatdırmaq üçün əlverişli zəmin yaradır:
“İqtisadiyyatlarımız bir-birini tamamlayan üstünlüklərə malikdir. Laos böyük hidroenerji potensialına, zəngin mineral ehtiyatlara, güclü kənd təsərrüfatı bazasına və cəlbedici turizm məkanlarına sahibdir. Azərbaycan isə sənaye potensialı, enerji resursları, bazarlara çıxış imkanları və yeni iqtisadi sahələrin yaradılması sahəsində təcrübə təklif edir”.
Nazir müavini qeyd edib ki, Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq tərəfdaşlarla birlikdə genişmiqyaslı investisiya layihələrini uğurla həyata keçirib: “ Bu layihələrin uğuru yeni layihələrin reallaşdırılmasını sürətləndirir. Laos şirkətləri də bu imkanlardan yararlanmağa dəvət olunur.
Şirkətlər iş yerləri yaradır, yeni texnologiyalar tətbiq edir və gəlir formalaşdırırlar. Güclü özəl sektor sabit məşğulluq, orta təbəqənin genişlənməsi və bütün regionların inkişafı deməkdir. Əminik ki, biznes icmalarımız arasında tərəfdaşlıq hər iki tərəf üçün faydalı olacaq”.