Paşha Bank
Bank Of Baku

Deputat: Ev təsərrüfatlarının uçotu nəticəsində investisiyalar real ehtiyaclara uyğun istiqamətləndiriləcək

Deputat: Ev təsərrüfatlarının uçotu nəticəsində investisiyalar real ehtiyaclara uyğun istiqamətləndiriləcək
# 25 noyabr 2026 16:47 (UTC +04:00)

Ev təsərrüfatlarının uçotu nəticəsində dövlət investisiyaları real ehtiyaclara uyğun istiqamətləndiriləcək.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Azərbaycanda ev təsərrüfatlarının uçotunun aparılması ölkənin sosial-iqtisadi mənzərəsinin daha dolğun öyrənilməsi, iqtisadi resursların düzgün bölüşdürülməsi və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses dövlətin əhali ilə bağlı qərarlarının real vəziyyətə və konkret ehtiyaclara uyğunlaşdırılmasına imkan verəcək.

Dəqiq məlumatlar daha səmərəli iqtisadi idarəetmənin əsasını yaradacaq

Müşfiq Cəfərov nəzərə çatdırıb ki, müasir iqtisadi idarəetmədə qərarların keyfiyyəti ilk növbədə etibarlı məlumatlara əsaslanmasından asılıdır: “Ölkə üzrə ev təsərrüfatlarının vəziyyəti haqqında sistemli məlumatların əldə edilməsi sosial-iqtisadi siyasətin hazırlanmasında yeni imkanlar yaradacaq. Çünki hər bir yaşayış məntəqəsinin özünəməxsus iqtisadi xüsusiyyətləri, əhalinin fərqli ehtiyacları və inkişaf imkanları mövcuddur. Uçot nəticəsində mənzil şəraiti, kommunal xidmətlərə çıxış, təhsil və məşğulluq göstəriciləri, ailələrin iqtisadi vəziyyəti barədə daha əhatəli təsəvvür formalaşacaq. Bu da ərazilər arasında mövcud fərqlərin yalnız ümumi statistik göstəricilərlə deyil, konkret yaşayış məntəqələrinin xüsusiyyətləri əsasında araşdırılmasına şərait yaradacaq. Əldə olunan məlumatlar məktəb, tibb müəssisəsi, yol, su təchizatı və digər infrastruktur layihələrinin harada daha çox tələb olunduğunu müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq. Eyni zamanda, internet və rəqəmsal xidmətlərə çıxış imkanlarının öyrənilməsi regionlarda texnoloji bərabərliyin təmin olunması istiqamətində görüləcək işlərin planlaşdırılmasına kömək edəcək. Bu yanaşma dövlət vəsaitlərinin ehtiyacların daha çox olduğu ərazilərə yönəldilməsinə, investisiya layihələrinin səmərəliliyinin artırılmasına və regional inkişaf proqramlarının nəticələrinin obyektiv qiymətləndirilməsinə xidmət edəcək”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü qeyd edib ki, ev təsərrüfatlarının uçotu əhalinin ərazi üzrə hərəkətinin, əmək resurslarının dəyişməsinin və demoqrafik tendensiyaların araşdırılması baxımından da vacibdir: “Xüsusilə gənclərin təhsil və iş imkanları səbəbindən regionları tərk etməsi bəzi yaşayış məntəqələrinin gələcək inkişaf perspektivlərinə təsir göstərir. Miqrasiyanın səbəblərini, mövsümi işlə bağlı yerdəyişmələri, müvəqqəti məskunlaşmanı və ailələrin tərkibində baş verən dəyişiklikləri öyrənmək gələcək demoqrafik vəziyyətin proqnozlaşdırılmasına imkan verəcək. Bu məlumatlar əmək qabiliyyətli əhalinin azaldığı əraziləri müəyyənləşdirməyə, gənc ailələrin regionlarda yaşamasını təşviq edən iqtisadi və sosial mexanizmləri hazırlamağa kömək edəcək. Kənd yerlərində yalnız iş yerlərinin deyil, həm də keyfiyyətli təhsil, səhiyyə, nəqliyyat və kommunal xidmətlərin əlçatanlığı təmin olunmalıdır. İnsanların doğulduğu və yaşadığı ərazilərdə gələcək qurmaq imkanlarının genişləndirilməsi regional inkişafın davamlılığı üçün əsas şərtlərdəndir.

Aqrar resurslar iqtisadi dövriyyəyə cəlb ediləcək

Müşfiq Cəfərov bildirib ki, uçot kənd təsərrüfatı sahəsində də mühüm iqtisadi nəticələr verə bilər: “Torpaq sahələrinin istifadəsi, suvarma imkanları, əkinə cəlb olunmayan ərazilər və ailə təsərrüfatlarının fəaliyyəti barədə məlumatlar aqrar siyasətin daha məqsədyönlü qurulmasına şərait yaradacaq. İstifadəsiz torpaqların müəyyənləşdirilməsi onların yenidən təsərrüfat dövriyyəsinə qaytarılması, istehsal imkanlarının artırılması və kənd əhalisinin gəlir mənbələrinin şaxələndirilməsi üçün ilkin baza formalaşdıracaq.

2027-ci ildən uçotun elektron formatda aparılması məlumatların toplanması və təhlili prosesini daha çevik edəcək. Əsas məsələ bu məlumatların dövlət proqramlarının hazırlanmasında, investisiya qərarlarında və sosial-iqtisadi layihələrin icrasında praktik şəkildə tətbiq olunmasıdır. Beləliklə, ev təsərrüfatlarının uçotu statistik tədbir çərçivəsindən çıxaraq ölkənin iqtisadi potensialının üzə çıxarılmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət edən mühüm idarəetmə alətinə çevrilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR