Vəkil Viktor Anikuşkin: “Orxan Zeynalovun qətl törətməsinə onun Yeqor Şerbakov tərəfindən milli zəmində təhqir edilməsi səbəb olub” - VİDEO

Vəkil Viktor Anikuşkin: “Orxan Zeynalovun qətl törətməsinə onun Yeqor Şerbakov tərəfindən milli zəmində təhqir edilməsi səbəb olub” - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 13:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Orxan Zeynalovun qətli törətməsinə səbəb onun mərhum Yeqor Şerbakov tərəfindən milli zəmində təhqir olunması olub". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya paytaxtında şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun hüquqlarını müdafiə edən vəkil Viktor Anikuşkin bildirib. Onun sözlərinə görə, əvvəldən bu cinayət işinin istintaqı obyektiv aparılmayıb: "Mənim tərəfimdən Orxan Zeynalovun məhkəmə-tibbi ekspertizadan keçirilməsi ilə balı irəli sürülən tələb bir ay sonra yerinə yetirilib. Artıq həmin vaxt ərzində Orxan Zeynalovun saxlanılan zaman döyülməsi və işgəncə verilməsi nəticəsində aldığı yaralar sağalmışdı. Yaralar sağalandan sonra Orxanı məhkəmə tibbi ekspertizadan keçirdilər. Əlbəttə ki, həmin yaralar və zədələr ekspertiza zamanı müəyyən olunmadı. İstintaq axıra qədər hadisənin baş vermə səbəbini müəyyən edə bilməyib. Qətlin nə səbəbdən törədildiyi və burda kimin təxribata çəkildiyi istintaq tərəfindən aşkar olunmayıb. Mübahisənin kim tərəfindən başlanması məlum deyil. Hadisənin yeganə şahidi Kseniya Popovadır. Müdafiə tərəfi hesab edir ki, mübahisə millətlərarası mübahisə zəminində baş verib. Mərhum Yeqor Şerbakov tərəfindən müdafiəm altında olan Orxan Zeynalova qarşı kobud ifadə işlədilib. Orxan Zeynalov isə bildiyiniz kimi, qafqazlıdır və çılğındır. Ona görə də bu hadisə baş verib. Əlbəttə ki, bu amil onun cinayət hadisəsini törətməsinə haqq qazandırmır. Lakin istintaq tərəfi bu amili nəzərə almalı idi. Ona qarşı irəli sürülən maddə çox ağırdır. İstintaq tərəfi hadisənin ictimai rezonans doğurduğunu nəzərə alaraq bu ağır maddəni Orxan Zeynalova qarşı irəli sürüb".

"Biz müdafiə tərəfi olaraq məhkəmədən Orxan Zeynalovun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə deyil, cəzası nisbətən yüngül olan qəsdən adam öldürmə maddəsi ilə ittiham olunmasını istəyəcəyik. Bizim qarşımızda olan vəzifə məhkəmənin ədalətli qərar çıxarmasına nail olmaqdı",- deyə Viktor Anikuşkin bildirib.

Vəkil Orxan Zeynalovun 1 aydan çoxdur ki, karserdə saxlanıldığını bildirib: "Orxan artıq neçə vaxtdır ki, karserdə saxlanılır. Lakin o, mənə hansı səbəbdən karserə salındığını deməyib. Yəqin ki, qaldığı təcridxananın nizam-intizam qaydalarını pozduğuna görədir".

Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Orxan Zeynalovun hüquqlarının müdafiə edilməsi üçün tutulduğunu söyləyən vəkil Abbasmirzə Abdullayev APA-nın Moskva müxbirinə açıqlamasında əvvəlcədən müdafiə ilə bağlı nəsə söyləməyin çətin olduğunu bildirib: "Çünki biri var istintaq orqanının, biri də var məhkəmə istintaqının gəldiyi qənaət. Əlbəttə ki, məhkəmə istintaqı zamanı daha geniş, ətraflı və detallı araşdırma aparılacaq. Nəticədə həqiqətin ortaya çıxmasını təmin edəcəyik. Biləcəyik ki, hadisə həqiqətdə necə və nə səbəbdən baş verib. Bu çox vacibdir. Çünki Orxan Zeynalova qarşı irəli sürülən maddə çox ağırdır. Hər şey ola bilər. Məhkəmə prosesində də səhvə yol verilə bilər. Çalışacağıq ki, iki vəkil məhkəmədə bu səhvlərin buraxılmasına yol verilməsin və müttəhimin hüquqları tam müdafiə olunsun".

Orxan Zeynalovun hadisə zamanı özünü müdafiə etməsi ilə bağlı sualı cavablandıran vəkil bildirib ki, hadisənin mənzərəsi onlara məlumdur: “Lakin biz müdafiə tərəfi olaraq öz mövqeyimizi qurmalıyıq. Orxan Zeynalovun cinayət işi 9 cilddən ibarətdir. Mən bu cildlərin yalnız üçü ilə tanışam. Bütün cildlərlə tanış olandan sonra həmkarım Viktor Anikuşkinlə mövqeyimizi müzakirə edəcəyik. O cümlədən müttəhim Orxan Zeynalovla da söhbət edəcəyik ki, müdafiəmizi necə quracağımızı bilək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR