Azərbaycan parlamenti «Dəniz limanları haqqında» qanun layihəsinin müzakirəsinə başlayır

Azərbaycan parlamenti «Dəniz limanları haqqında» qanun layihəsinin müzakirəsinə başlayır
# 31 yanvar 2014 11:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu –APA-Economics. Bu gün Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Komitəsinin növbəti iclası keçirilib. «APA-Economics»in məlumatına görə, komitənin bugünkü iclasında «Dəniz limanları haqqında» qanun layihəsinin müzakirəsi aparılıb.

Komitə sədri Ziyad Səmədzadə bu qanun layihəsini olduqca vacib və spesifik adlandırıb. O bildirib ki, son zamanlar Bakıda və ölkənin digər bölgələrində yeni limanlar tikilir: «Bu qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək».

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov isə qeyd edib ki, yeni qanun ölkənin dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək. Onun sözlərinə görə, qanun limanların inşası, açılması, bağlanılması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir.

E.Rəhimov deyib ki, dəniz limanları haqqında qanunu ölkənin konstitusiyasına, beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycanın tərəf çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Ticarət Gəmiçiliyi Məcəlləsinə və ölkənin digər qanunlarına və normativ-hüquqi aktlarına zidd olmamalıdır: «Bu qanun xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub».

Qanun layihəsi limanın bağlanılmasına, limanda fəaliyyətin dövlət tənzimlənməsinə, limanın sərhədləri, inşası və genişləndirilməsi, yükün aşırılması müqavilələri, liman kapitanının statusu, liman üzrə məcburi qaydaları, yüklərin qəbul edilməsi və təhvil verilməsi xüsusiyyətləri, yüklərin limandan çıxarılmasını təmin edilməsi, yüklərin saxlanılması hüququnu ehtiva edir.

E.Rəhimov vurğulayıb ki, qanun həmçinin limanın infrastruktur obyektlərinin sahiblərinə dair əsas tələbləri, limanda xidmətlərin göstərilməsi qaydaları, maliyyələşdirmə məsələlərini əks etdirir.

Sonda qanun layihəsi komitənin üzvləri tərəfindən parlamentin plenar iclasına çıxarılması tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR