Azərbaycanın energetika naziri Gürcüstana səfər edəcək

Azərbaycanın energetika naziri Gürcüstana səfər edəcək
# 09 dekabr 2013 09:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də Gürcüstanda rəsmi səfərdə olacaq. Səfərin məqsədi «Qara dəniz ötürmə şəbəkəsi layihəsi» çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kV-luq «Axaltsixe» yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq elektrik verilişi xəttinin açılış mərasimində iştirak etməkdir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

Nümayəndə heyətinin tərkibinə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov və digər rəsmi şəxslər daxildir. Mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Avropa Birliyinin nümayəndələri, səfirlər və digər yüksək səviyyəli rəsmilər iştirak edəcəklər.

Qeyd edək ki, bu layihə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsidir, Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiyasını, həmçinin elektrik enerjisi ixracını təmin edəcək. Energetika Nazirliyinin məlumatında deyilir ki, layihə həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR