Tiflisdə Türkiyə və Gürcüstanın energetika nazirləri arasında görüş keçirilib - FOTO

Tiflisdə Türkiyə və Gürcüstanın energetika nazirləri arasında görüş keçirilib  - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 16:16 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Gürcüstanın energetika naziri Kaxa Kaladze arasında ikitərəfli görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, türkiyəli nazirini salamlayan K.Kaladze havaların xoş keçmədiyini və Acarıstanın işıqsız qaldığını onun nəzərinə çatdırıb. Cavabında T.Yıldız hər zaman Gürcüstana bütün sahələrdə dəstək olacaqlarını bildirib. Sonra görüş jurnalistlər üçün qapalı keçirilib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Türkiyənin energetika və təbii sərvətlər naziri bu gün Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirak etdiyi 400 kilovoltluq elektrik xəttinin və yarımstansiyanın istifadəyə verilməsi mərasimində iştirak etdiyini bildirib: “Hər üç ölkə bir-birinə enerji sata biləcək. Hazırda bizim 700 MVt-lıq enerjimiz var, getdikcə bu, 1000 MVt-ı keçəcək. Türkiyə böyük bir bazardır, hər il böyüyür və inkişaf edir. Bizə hər zaman qardaşlığımızı və əlaqələrimizi davam etdirmək və möhkəmləndirmək lazımdır”.

Gürcüstanın energetika naziri isə görüşdə hər iki ölkə arasında həyata keçiriləcək gələcək planlar və ortaq layihələr barədə danışıqlar apardıqlarını bildirib: “Biz elektrik enerjisini Türkiyəyə satacağıq, ordan da Avropaya satılacaq. Azərbaycan da öz elektrik enerjisini Türkiyəyə sata bilər. Əgər Rusiya da elektrik enerjisi satarsa, Gürcüstan onu ala bilər. Yeni istifadəyə verilən elektrik xətti və yarımstansiya region, o cümlədən Azərbaycan və Türkiyə üçün vacib olduğu kimi, Gürcüstan üçün də çox vacibdir. Türkiyə Gürcüstana çox böyük investisiya yatırır. Biz birlikdə gələcəkdə Gürcüstanda hidroelektrik stansiyaların tikintisi barədə danışdıq. Buna Türkiyə şirkətlərinin böyük marağı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR