Azərbaycanda bank kassa dövriyyəsi 22% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 22% artıb
# 03 oktyabr 2013 13:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilin yanvar-avqust aylarında 24,847 mlrd. manat, məxaric hissəsi isə 25,087 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin müvafiq dövrünə nisbətən 22,2%, məxaric hissəsi isə 17,8% artıb.

Beləliklə, 8 ayın nəticələrinə görə, bank kassa dövriyyəsində 240 mln. manatlıq mənfi saldo yaranıb və bu dövr ərzində 327,5 mln. manat həcmində pul emissiyası həyata keçirilib. İllik müqayisədə pul emissiyası 2,9 dəfə azalıb.

Bank kassa dövriyyəsində mədaxilin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 15,484 mlrd. manat və ya ümumi mədaxilin 62,4%-i daxil olub. Digər iri mənbələr sırasında həcmi 5,752 mlrd. manat, xüsusi çəkisi isə 23,2% olan hüquqi şəxslərdən daxilolmaları, həcmi 1,944 mlrd. manat, xüsusi çəkisi 7,8% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 10,442 mlrd. manat və ya 41,6%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 7,648 mlrd. manat və ya 30,5%, bankomatlara pul qoyuluşunun payına 6,306 mlrd. manat və ya 25,1% düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR