Prezident İlham Əliyev: "Azərbaycanda 2013-cü ildə rekord səviyyədə investisiya qoyuluşu olub"

Prezident İlham Əliyev: "Azərbaycanda 2013-cü ildə rekord səviyyədə investisiya qoyuluşu olub"
# 09 yanvar 2014 21:13 (UTC +04:00)

Bakı-APA. “Ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib. Dövlət başçısı əmin olduğunu bildirib ki, güclü iqtisadiyyatsız nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail olmaq mümkün olmazdı: “2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirib. Ümumi daxili məhsul təxminən 6 faiz artıb. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir”.

Ölkə başçısı qeyri-neft sektorunun 9,8 faiz artmasının ən sevindirici məsələ olduğunu bildirib: “Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edib. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcək. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artıb. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir”.

Dövlət başçısı il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulduğunu qeyd edərək, bunun rekord göstərici olduğunu vurğulayıb: “Heç vaxt il ərzində bu qədər investisiya qoyulmayıb. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir”.

Ölkə başçısı Azərbaycanın valyuta ehtiyatlarının da rekord həddə çatdığını vurğulayıb: “Mən dəfələrlə demişəm, yenə də qeyd etmək istəyirəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artmalıdır və artır. Son illər ərzində elə bir il olmayıb ki, valyuta ehtiyatlarımız aşağı düşsün. Baxmayaraq ki, çoxlu investisiya layihələri icra edilir, keçən il də artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bunu biz yaratmışıq, bunu bizim siyasət, bizim iqtidar yaradıb. Bu, Azərbaycanın böyük üstünlüyüdür, bizə əminlik, inam və imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələri icra edək”.

Keçən il işsizliklə bağlı olan problemlərin öz həllini tapdığını deyən prezident İlham Əliyev 110 min yeni iş yerinin açıldığını, onlardan 80 minin daimi iş yeri olduğunu qeyd edib: “İşsizliyin səviyyəsi 5 faizə düşüb. Yoxsulluğun səviyyəsi də aşağı düşüb, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb”.

Dövlət başçısı iqtisadi inkişafın gələcək illərdə də təmin ediləcəyinə şübhə etmədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR