Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 29 layihəni maliyyələşdirəcək

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 29 layihəni maliyyələşdirəcək
# 29 dekabr 2013 13:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Elmin İnkişafı Fondu (EİF) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birgə keçirdiyi «İKT-2» qrant müsabiqəsinin nəticələri elan olunub. RİTN-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat və s. tipli layihələri əhatə edib.

EİF və RİTN-in müsabiqəni elan etdiyi müddətdə 62 layihə daxil olub və Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Bu layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 10 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 52 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Ekspertiza işinə EİF-in daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar. Layihələrin qiymətləndirilməsində müsabiqə təşkilatçıları tərəfindən yaradılan birgə komissiya da iştirak edib.

EİF-in yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurasında baxılıb, ekspertiza qaydalarına uyğun olaraq layihələrin yekun toplanmış ballara görə sıralanmış siyahısı və maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə olunub, yekun qərar qəbul edilib. Yekun qərar Himayədarlar Şurası tərəfindən təsdiq edilib.

Bu il keçirilmiş məqsədli birgə İKT müsabiqəsi çərçivəsində 29 qalib layihə müəyyənləşdirilib və EİF-də təsdiq olunub. Bu müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 1,2 mln. manat olub. Elmin İnkişafı Fondu 24 layihənin maliyyələşdirilməsinə 1 mln. manat vəsait ayırıb, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə 5 layihəni maliyyələşdirəcək.

Qeyd edək ki, bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə 24 qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR