Bakıda qanunsuz idman mərc oyunlarını təşkil edilən yerlər aşkarlanıb

Bakıda qanunsuz idman mərc oyunlarını təşkil edilən yerlər aşkarlanıb
# 01 iyun 2013 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində qanunsuz olaraq idman mərc oyunlarını təşkil edilən yerlər aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin Qaçaq Nəbi küçəsindəki tikilidə oranın icarədarları, Bakı şəhər sakinləri Vüsal Kərimovun, İqor Novikovun, Nuran Qədirovun, Abşeron rayon sakini Pərviz Novruzovun və Yevlax rayon sakini Rüfət Abışovun qanunsuz "BaltBet" idman mərc oyunları təşkil etdikləri müəyyən edilib.

Tikiliyə baxış zamanı 5617 manat məbləğində 345 ədəd kupon qəbzlərinin kötükləri, 1 ədəd noutbuk, 6 dəst kompüter, 6 ədəd printer, 2 ədəd televizor, 2 ədəd monitor, 1 ədəd modem bloku, 2 ədəd anten bloku, müştərilərdən alınmış 441 manat pul və digər ləvazimatlar aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin C.Cabbarlı küçəsindəki Çay Evində oranın icarədarı, Bakı şəhər sakini Emil Baxşıyevin qanunsuz "ZenitBet" və “MegaBet” idman mərc oyunları təşkil etdiyi müəyyənləşdirilib. Çay Evinə baxış zamanı 9050 manat məbləğində 302 ədəd kupon qəbzlərinin kötükləri, 2 dəst kompüter, 2 ədəd printer, 2 ədəd televizor, 1 ədəd ştamp, müştərilərdən alınmış 52 manat pul və digər ləvazimatlar aşkar edilərək götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR