Benilüks Azərbaycanlıları Konqresi Bako Saakyanın "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" adlı görüşdə iştirakına etiraz edib

Benilüks Azərbaycanlıları Konqresi Bako Saakyanın "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" adlı görüşdə iştirakına etiraz edib
# 23 oktyabr 2013 08:53 (UTC +04:00)

Bakı-APA. Benilüks Azərbaycanlıları Konqresi qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyanın Brüsseldə "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzusunda keçirilən görüşdə iştirakı ilə əlaqədar bəyanat yayıb.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda qeyd olunub ki, 2013-cü il oktyabrın 15-də Brüsseldə baş tutan görüşün gündəliyinə salınmış "Soyqırım və beynəlxalq hüquq", " Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzularının adlarından bəlli olur ki, işğalçı Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı tutduğu destruktiv və işğalçı mövqeyini davam etdirməkdə israrlıdır.

Benilüks Azərbaycanlıları Konqresi bəyan edib ki, Avropa Birliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma prezidenti ilə görüşmək əvəzinə Ermənistana təzyiqlər göstərməli, BMT qətnamələrinə qeyd-şərtsiz əməl edərək işğala son qoymağa məcbur etməlidir.

Benilüks Azərbaycanlılar Konqresi bildirir ki, Avropa Parlamentinin üzvləri işğal nəticəsində öz ərazisindən qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün fəaliyyətə keçməlidir: “Benilüks Azərbaycanlıları Konqresi 2013-cu il oktyabrın 15-də Avropa Parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla görüşlər zamanı bəzi deputatların ermənipərəst çıxışlarını pisləyir və birmənalı şəkildə BMT-nin Beynəlxalq Ədalət Şurasının təmsilçisinin qərəzli çıxışına və anti-Azərbaycan mövqeyinə qətiyyətlə etiraz edir. Görüşdə Bako Sahakyanın Xankəndi əməliyyatı ilə Drezdenin bombalanmasını müqayisə etməsi və ərazi bütövlüyü prinsipini yanlış şərh etməyə çalışması, Qarabağın Azərbaycana Stalin tərəfindən verilməsi bəyanatını səsləndirməsi ən azından tarixi saxtalaşdırmaq məqsədi daşıyır. Dağlıq Qarabağa sərnişin təyyarələrinin uçuşuna Azərbaycanın imkan verməməsinin beynəlxalq terror adlandırılması isə bütün sərhədləri aşmaq və ermənipərəst siyasət yürütməkdən başqa bir şey deyildir”.

Benilüks Azərbaycanlıları Konqresi bütün bunları nəzərə alaraq bəyan edib ki, bu cür qərəzli çıxışlar BMT-nin Beynəlxalq Ədalət Şurasının bəzi üzvlərinin ermənipərəst mövqe tutduğunu, ikili standartlardan çıxış etdiyini və beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olduğunu deməyə əsas verir.

Konqresin bəyanatında daha sonra qeyd olunub ki, bu səpkidə görüşlər və müzakirələr, düşünülmüş şəkildə səslənən fikirlər Azərbaycan dövlətçiliyinə qarşı siyasi təxribat, təzyiq vasitəsi kimi qəbul olunur, sülh danışıqlarına mane olur və münaqişənin həllini dalana dirəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR