“Şəmkir: arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimatı keçirilib

“Şəmkir: arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimatı keçirilib
# 24 dekabr 2013 09:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Şəmkir: arxeoloji qazıntılar və artfekatlar” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, kitab Şəmkir şəhərində aparılan genişmiqyaslı arxeoloji qazıntıların yekunundan bəhs edir: “Kitabda arxeoloji qazıntılar nəticəsində əldə olunmuş tapıntılar, əmək alətləri və silahların metal məmulatının, keramikanın, zinət və bəzək əşyalarının, sikkələrin kataloqu təqdim olunur. Kitab Azərbaycan tarixinin araşdırılması, mədəniyyətimizin təbliği, tariximizin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Arxeoloqlar tərəfindən aşkarlanmış bu tapıntılar Azərbaycan tarixi və mədəniyyətinin tədqiqi üçün əvəzolunmaz mənbələrdir”.

Arxeoloji qazıntılara rəhbərlik etmiş ekspedisiyanın rəhbəri, kitabın müəlliflərindən biri Tarix Dostiyev çıxışında qeyd edib ki, arxeoloji tədqiqatlar zamanı orta əsrlər dövründə əhalinin həyat tərzi, məşğuliyyəti, dini görüşləri, şəhərin iqtisadi və mədəni əlaqələrini əks etdirən minlərlə artefakt əldə olunub. Onun sözlərinə görə, 2006-2011-ci illərdə Şəmkir şəhərində aparılmış arxeoloji qazıntıların yekunları nəşr olunmuş kitab, iki hissədən ibarətdir: “Birinci hissədə arxeoloji qazıntılar, ikinci hissədə isə tapıntıların kataloqu əks olunub. 2006-cı ildən Şəmkir şəhərində aparılan qazıntılar nəticəsində şəhərin möhtəşəm istehkam tikililəri, monumental binaların və yaşayış evlərinin qalıqları, şəhər küçələri, təsərrüfat tikililəri və emalatxanalar üzə çıxarılıb”.

Millət vəkili Rəbiyyət Aslanova qeyd edib ki, kitabda əks olunan məlumatlar Azərbaycan tarixinin araşdırılması və təbliği baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, kitab AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR