Göyçayda 85 müəllimə “Vergi dostu” sertifikatı və kompüter təqdim olunub

Göyçayda 85 müəllimə “Vergi dostu” sertifikatı və kompüter təqdim olunub
# 27 noyabr 2013 12:32 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda Vergilər Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində seçilmiş orta məktəblərin 85 müəlliminə “Vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə keçirilən tədbirdə Göyçay, Ağdaş və Zərdab rayonlarının icra hakimiyyətlərinin, təhsil şöbələrinin nümayəndələri, Vergilər Nazirliyinin və 9 saylı Ərazi Vergilər İdarəsinin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunan “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin, vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət “vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verib. O, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə də danışıb. Qeyd olunub ki, indiyədək respublika üzrə 1394 nəfər müəllimə müvafiq təlim keçilib və “vergi dostu” sertifikatı təqdim olunub. Tədbirdə məlumat verilib ki, “vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov “vergi dostları”na uğurlar arzulamış, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışıb. Sonra təlimi müvəffəqiyyətlə başa vuran 85 nəfər müəllimə “vergi dostları”na üzvlük sertifikatı, “vergi dostu”nun yaddaş kitabçası və kompüterlər verilib, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Bununla da respublikada “vergi dostları”nın ümumi sayı 1479 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR