Azərbaycanda «Elektron arayışların verilməsi Qaydaları» hazırlanacaq

Azərbaycanda «Elektron arayışların verilməsi Qaydaları» hazırlanacaq
# 21 oktyabr 2013 07:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) artıq «Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış» sistemini hazırlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, arayışın hazırlanması və verilməsi üçün əsas kimi «Fərdi məlumatlar haqqında» qanunun müvafiq bəndlərinə istinad edilib. Mülkiyyətçi və ya operator ödənişsiz olaraq vətəndaşa onun haqqında məlumatları təqdim etməlidir. Həmçinin, qanuna fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin, yəni vətəndaşın yazılı razılığı ilə yol verilir.

Belə ki, portalda vətəndaş haqqında müxtəlif xidmət təminatçıları tərəfindən təqdim edilən fərdi məlumatların bir arayış formasında cəmlənərək, ona unikal ID nömrəsinin verilməsi nəzərdə tutulub. Sənədə həmçinin ştrix kod da əlavə edilir. Arayışın formalaşdırılması zamanı vətəndaş arayışda onun barəsində olan fərdi məlumatların konkret quruma ötürülə biləcəyinə razılıq verir. Vətəndaş arayışı tam və ya yalnız unikal ID nömrəsi və ştrix kodu çap edərək aidiyyəti quruma təqdim edə bilər. Arayışın həqiqiliyinin yoxlanması üçün arayış təqdim edilən qurum unikal ID-ni portalda arayışların yoxlanılması elektron xidmətinə daxil olmaqla, müvafiq İD-ni daxil edir. Portal ID nömrəsinə əsasən arayışı arxivdən tələb edənə təqdim edir. Tələb edən arayışı təkrar çap edib doğruluğunu təsdiq edə bilər. İnformasiya sistemləri olan qurumlar üçün arayışın elektron formada import edilməsi də nəzərdə tutulub.

Hələlik bank sektorunda istifadəsi nəzərdən keçirilən yeni sistemin reallaşması kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradacaq. Beləliklə, vətəndaş sözügedən arayışı istədiyi zaman çap və ya transfer də edə biləcək. Arayışın elektron formada digər qurumlara transferi məqsədilə ilə isə xüsusi servisin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, yaxın gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən «Elektron arayışların verilməsi Qaydaları»nın hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi də nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR