Rusiya ABŞ-ı Avropada raket hücumundan müdafiə sisteminin yaradılmasından imtina etməyə çağırıb

Rusiya ABŞ-ı Avropada raket hücumundan müdafiə sisteminin yaradılmasından imtina etməyə çağırıb
# 14 iyul 2015 16:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya ABŞ-ı Avropada raket hücumundan müdafiə sisteminin yaradılmasından imtina etməyə çağırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu çağırışı səsləndirən Rusiya xarici işlər naziri Sergey Lavrov əsas səbəb kimi İranın nüvə proqramı ilə bağlı Vyanada əldə edilən razılaşmanı göstərib:

"ABŞ prezidenti Barak Obama 2009-cu ildə Praqada çıxışı zamanı İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunacağı təqdirdə, Avropada raket hücumundan müdafiə sisteminin qurulması ilə bağlı layihənin ləğv ediləcəyini bildirmişdi. Vaşinqtondan bu istiqamətdə addımlar atacağını gözləyirik".

Qeyd edək ki, Vyanada İran və “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub. Anlaşmaya görə, İrana qarşı sanksiyalar aradan qaldırılacaq. Müvafiq sənəd BMT Təhlükəsizlik Şurasında təsdiqləndikdən 90 gün sonra qüvvəyə minəcək.

İran anlaşmanı pozsa, 65 gün ərzində sanksiyalar yenidən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR