Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək
# 09 oktyabr 2014 13:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu avqustun 1-dən oktyabrın 1-dək Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb. İmtahanda iştirak etmək istəyən 329 nəfərin namizədliyi qeydə alınıb.


Namizədlərə “İmtahana buraxılış vərəqəsi” 3 oktyabr tarixindən (saat 09:00-dan saat 13:00-a qədər; saat 14:00-dan saat 17:00-a qədər) Dövlət Miqrasiya Xidmətinin Aparatından təqdim olunur.


Test imtahanı Bakı Qızlar Universitetinin binasında saat 11:00-da başlanır. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır. İmtahan 3 saat davam edir. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar.


İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR