Turistlərə təqdim olunacaq “Azerbaijan Breakfast” brendi: Lavaş, təndir çörəyi, qaymaq, bal... - VİDEO

Turistlərə təqdim olunacaq “Azerbaijan Breakfast” brendi: Lavaş, təndir çörəyi, qaymaq, bal... - <span style="color: red;">VİDEO
# 13 may 2015 15:46 (UTC +04:00)

“Lavaş, təndir çörəyi, süd və süd məhsulları, bal, Azərbaycan çayı və şirniyyatlardan ibarət Azərbaycan səhər yeməyi xüsusi marka kimi dünya turizm bazarında şöhrət qazanacaq”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hələ keçən ildən Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasına başlayıb: “Keçən ildən Mədəniyyət və Turizm Nazirliyinin iştirak elədiyi beynəlxalq turizm sərgilərində Avropa oyunlarının loqosundan istifadə olundu və bununla bağlı broşurlar, məlumatları yayıldı. Fevral ayından etibarən “CNN” və “Euronews” kanallarında Avropa oyunlarının videoçarxları yayımlanmağa başladı. Avropa Oyunları zamanı əməliyyat komitəsi tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində quraşdırılacaq informasiya köşklərində , Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı informasiya mərkəzində, Bakı Turizm İnformasiya Mərkəzində və açılış dövründə Olimpiya Stadionunda 3 informasiya köşkündə nazirliyin hazırladığı reklam məhsulları turistlərə paylanacaq, xüsusilə turistlər üçün vacib olan Bakının və Azərbaycanın xəritəsi təqdim olunacaq”.

Nazirlik rəsmisi otellərin vəziyyəti barədə də məlumat verib: “Hazırda mehmanxanaların vəziyyəti nazirliyin də diqqət mərkəzindədir. Əslində, həmişə bu məsələ bizim üçün aktual olub. Çünki otel və mehmanxanalar elə xidmət növüdür ki hər bir turist ona müraciət edir, ona görə də mehmanxana ən yaxşı şəkildə xidmət göstərməlidir. Ölkəmizə gələn hər bir turist razı qalarsa, mütləq ətrafına məlumat verib başqa turistləri də cəlb edəcək. Əksinə, narazı qalsa, onlarla insanı öz fikirləri ilə ölkədən uzaqlaşdıra bilər. Bu gün sosial şəbəkələr, internet məkanı çox aktualdır və turistlər elektron informasiya resurslarından istifadə edərək öz fikirlərini bildirirlər”.

Vüqar Şıxəmmədov Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi monitorinqlərin nəticələrindən və aşkar olunan qüsurlardan danışıb: “Nazirlik 2014-cü ilin oktyabr ayından Bakı şəhərində yerləşən mehmanxanalarda və turizm şirkətlərində monitorinqlərə başlayıb. Nöqsanlar əsasən qeydiyyat-qəbul bölməsində və masa xidmətində idi. Kadr hazırlığı sahəsində olan problemin aradan qaldırılması üçün 2006-cı ildə Turizm İnstitutu yaradıldı, 2014-cü ilin dekabrında ölkə prezidentinin sərəncamı ilə Turizm İnstitutunun bazasında Turizm və Menecment Universiteti yaradıldı. Lakin problemlər əsasən aşağı kateqoriyalı mehmanxana personalı sahəsindədir, hansı ki, qonaqlar birbaşa onlarla kontaktda olur. Düzdür, bu sahədə kadr hazırlığı üzrə Bakı Turizm Peşə Məktəbi və kolleclər fəaliyyət göstərir. Lakin bu, kifayət deyil və kadr hazırlığı müəyyən zaman tələb edir. Nazirliyin göstərişi ilə hər il Türkiyə Mədəniyyət Və Turizm Nazirliyindən dəvət etdiyimiz mütəxəssislər təlim kursları keçirlər. Bu il isə məhz Avropa Oyunlarından qabaq biz bu kursları Bakıda və Mingəçevirdə təşkil etdik. Monitorinqlərin nəticəsinə görə, Bakı şəhərində yerləşən mehmanxanalar Avropa Oyunlarına hazırdır”.

Son on ildə Azərbaycanda turizmin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu deyən qonaq bu sahənin perspektivlərindən danışıb: “Azərbaycan 2011-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvüdür, mütəmadi olaraq tədbirlərdə, konfranslarda iştirak edir. Turizmin inkişafına dövlət tərəfindən kifayət qədər qayğı var. Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ən başlıca sahələrindən biridir. Azərbaycan turizmi artıq dünya turizmi müstəvisində öz sözünü deməyə başlayıb, Avropa Oyunlarına qədər də bir neçə mötəbər yarışların da Azərbaycanda keçirilməsi də bizim məhz bu sahədə özümüzü təsdiq etməyimizin sübutudur”.

Turizm və Mədəniyyət Nazirliyi rəsmisi həm Bakıda, həm də bölgələrdə mehmanxanalar arasında artıq ciddi rəqabətin yarandığını deyib: “Bizdə müxtəlif kateqoriyalı mehmanxanalar var. Bakıda lisenziya almış mehmanxanalarda yataq yerlərinin sayı 14 minə yaxındır. Əlavə olaraq, şəhərin mərkəzi küçələrində şəxsi evlərin icarəsi də var. Ümumilikdə, Bakı şəhəri 20 min turisti qəbul etməyə hazırdır. Bundan başqa, Mingəçevirdə, Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə, Naftalanda, Şəkidə, Qəbələdə yüksək standartlara uyğun kifayət qədər mehmanxana var. Bu gün turizmin inkişaf etdiyi bütün rayonlarımızda müxtəlif kateqoriyalı mehmanxanaların olması bu sahədə rəqabətə imkan yaradır. Artıq otel sahibləri qonaqları cəlb etmək üçün işlər görür, qiymət siyasətini düzgün qurmağa çalışır. Bu gün şimal, şimal-qərb bölgələrində qış dövründə, bayram günlərində, yaz, yay dövründə başqa qiymət təklif edirlər”.

Qonaq lisenziya almış otel və şirkətlərin xidmətlərindən istifadənin daha təhlükəsiz olduğunu bildirib: “Yaxşı olar ki, yay mövsümündə Azərbaycanın regionlarına səfər edən vətəndaşlarımız lisenziya almış mehmanxanaların xidmətindən istifadə etsinlər. Turizm haqqında qanunun 9.1 bəndində qeyd edildiyi kimi, həm təhlükəsizlik baxımından, həm də hər hansı bir problem yarananda hüquq müstəvisində nazirlik və məhkəmə tərəfindən məsələnin həlli üçün müqavilənin bağlanması vacibdir”.

Vüqar Şıxəmmədov milli irsimizin, incəsənətimizin və mətbəximizin təbliğatının çox vacibliyini vurğulayıb: “Turizmin inkişaf etdiyi ölkələr öz mədəniyyətini, incəsənətini və milli mətbəxini təbliğ edir. Ölkəyə gedən hər bir turist mütləq həm ölkənin mətbəxini dadır, həmin ölkədən xatirə olaraq suvenir əldə edir, o ölkənin incəsənəti, mədəniyyəti, milli irsi ilə tanış olur. Türkiyə, Şərq ölkələri, Yaponiya öz mətbəxi vasitəsilə artıq ölkə turizmini təbliğ edir. Biz də ölkəmizə gələn turistlərə mətbəximizi təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan səhər yeməyini, “Azerbaijan Breakfast”i brend kimi təqdim etməyi nəzərdə tuturuq. Bura lavaş, təndir çörəyi, süd və süd məhsulları, bal, Azərbaycan çayı və şirniyyatları daxil ediləcək və “Azerbaijan Breakfast” gələcəkdə dünya turizm bazarında öz adı ilə şöhrət qazanacaq”.

Avropa Oyunları dövründə teatrların, muzeylərin intensivləşdirilmiş iş rejimində çalışacağını deyən qonaq müxtəlif sərgilərin də təşkil ediləcəyi barədə məlumat verib: “Bazar ertəsi istisna olmaqla, Bakıda fəaliyyət göstərən bütün teatrlar Avropa Oyunları zamanı hər gün tamaşa göstərəcəklər. Bütün teatr və konsert müəssisələrinin, muzeylərin, incəsənət müəssisələrinin repertuarı əvvəlcədən hazırlanaraq təsdiqlənib. Muzeylər gecə saatlarına qədər işləyəcək. Hər bir muzeydə yeni ekspozisiyalar yaradılacaq. Bir neçə gündən sonra Muzey Mərkəzində açılacaq möhtəşəm şokolad sərgisi oyunlar bitənə qədər davam edəcək. Bu, dünyada olan nadir sərgilərdən biridir, bütün eksponatlar və 200 kiloqramdan artıq çəkisi olan “Bakı 2015” Avropa Oyunlarının xüsusi lövhəsi bütünlüklə şokoladdan hazırlanacaq”.

Nazirlik rəsmisi turist axınının ölkə iqtisadiyyatına gətirəcəyi gəlir barədə təxmini rəqəmləri də açıqlayıb: “Aparılan araşdırmalar göstərir ki, Azərbaycana gələn hər bir turist orta hesabla 700- 1000 manat məbləğində vəsait xərcləyir. İstənilən halda, bu tədbir iqtisadiyyata xeyirdən əlavə, Azərbaycanın ən yaxşı şəkildə təbliğatıdır. Bu təbliğat da gələcəkdə Azərbaycanı seçən turist sayına da təsir edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR