Elmar Məmmədyarov İsveçrədə akkreditə olunmuş bir qrup ölkənin səfirlərini qəbul edib

Elmar Məmmədyarov İsveçrədə akkreditə olunmuş bir qrup ölkənin səfirlərini qəbul edib
# 04 may 2015 14:29 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan İsveçrədə akkreditə olunmuş bir qrup ölkənin səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri haqqında danışaraq, dünyanın siyasi arenasında baş verən proseslər fonunda dövlətin müstəqilliyinin möhkəmləndirilməsi, enerji və nəqliyyat strategiyası, iqtisadiyyatın şaxələndirilməsi, elm-təhsil və sosial sahədə aparılan islahatlar barəsində qonaqları məlumatlandırıb.

Nazir regionda sülh və sabitliyin bərqərar olmasına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, münaqişənin bu vaxta qədər həllini tapmamasının Ermənistanın qeyri-konstruktiv mövqeyinin nəticəsi olduğunu bildirdi. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Səfirlər Azərbaycanın 23 illik müstəqillik dövründə əldə etdiyi nəzərəçarpacaq uğurları barəsində təəssüratlarını bölüşərək, dünyada artıq “Azərbaycan möcüzəsi” adlanan inkişaf modelinin formalaşdığını söyləyiblər. Onlar Azərbaycanda insanların azad, firavan və gələcəyə böyük ümidlə yaşadıqlarının şahidi olduqlarını diqqətə çatdırıblar.

Qonaqlar Azərbaycanın siyasi, iqtisadi, həmçinin sosial sahədə xüsusilə son onillik ərzində qazandığı nailiyyətlərinin I Avropa Oyunları kimi nəhəng idman tədbirlərinə ev sahibliyi etmək imkanı yaratdığını, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliklərini qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR