Polşanın mərkəzi hissəsində Ukrayna da daxil olmaqla regiona internet bağlantısı təmin edən “Starlink” yerüstü stansiyasında yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini Kşiştof Qavkovski bildirib.
Onun sözlərinə görə, hadisə çərşənbə günü axşam saatlarında baş verib. Hazırda stansiyanın sistemləri yenidən fəaliyyət göstərir.
Qavkovski yanğının qəsdən törədilmiş ola biləcəyini və sabotaj ehtimalının araşdırıldığını bildirib.
“Yanğın elektrik yarımstansiyasını və generatoru bürüyüb. Aydındır ki, bu sabotaj aktı stansiyanı sıradan çıxarmaq — bununla da internet bağlantısını kəsmək və Ukrayna hərbçiləri də daxil olmaqla müxtəlif qurumların internetə çıxışını pozmaq məqsədilə qəsdən törədilib”, – o deyib.
Qeyd edək ki, Polşa 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra mümkün təxribat aktlarına qarşı hazırlığını gücləndirib. Rusiya isə dəfələrlə belə fəaliyyətlərlə bağlı ittihamları rədd edib.