Nazir: "Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə öz qaz təchizatının diversifikasiyasında maraqlıdır"

Nazir: "Serbiya Cənub Qaz Dəhlizi vasitəsilə öz qaz təchizatının diversifikasiyasında maraqlıdır"
# 28 sentyabr 2015 11:20 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Ş. Mustafayev ölkələr arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib, ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin bu əlaqələrin müxtəlif istiqamətlər üzrə genişlənməsinə əhəmiyyətli töhfə verdiyini bildirib, Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayıb.

Ölkələrin bir-birinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi qeyd edən Ş. Mustafayev Hökumətlərarası Komissiyanın cari iclasının nəticələrinə dair Protokolda Azərbaycanın işğal olunmuş ərazisində hər hansı iqtisadi fəaliyyətin yolverilməzliyinin və bu ərazilərdə istehsal olunan məhsul və xidmətlərin Serbiya ərazisinə idxal-ixracına və satışına icazə verilməyəcəyinin əks olunduğunu bildirib. Azərbaycan və Serbiya arasında müvafiq hüquq-müqavilə bazasının yaradıldığını və iqtisadi sahədə bir çox sənədlərin imzalandığını qeyd edən Ş. Mustafayev kənd təsərrüfatı, nəqliyyat, səhiyyə sahələrində saziş layihələrinin hazırda müzakirə edildiyini, hava əlaqəsi haqqında saziş layihəsinin artıq razılaşdırıldığını bildirib.

Ölkələrimiz arasında ticarət əlaqələrinin 2015-ci ildə artdığını bildirən nazir bu istiqamətdə potensialın çox böyük olduğunu və bu gün Serbiya və Azərbaycan şirkətlərinin iştirakı ilə keçirilən işgüzar görüşün ticarət dövriyyəsinin artmasına, investisiya əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini qeyd edib. Enerji sahəsində əməkdaşlığa toxunan Ş. Mustafayev Serbiya tərəfinin Cənub Qaz Dəhlizi vasitəsilə öz təbii qaz təchizatının diversifikasiyasında maraqlı olduğunu bildirib və müvafiq qurumlar arasında bu istiqamətdə müzakirələr aparılacağını, həmçinin alternativ enerji sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Ş. Mustafayev İKT, səhiyyə, turizm, təhsil, kənd təsərrüfatı, gənclər və idman sahəsində mövcud layihələrə və gələcək əməkdaşlıq perspektivlərinə toxunmuş Azərbaycan hökumətinin kredit vəsaitləri hesabına Serbiyada böyük uğurla həyata keçirilən nəqliyyat infrastrukturu layihəsini qeyd etmiş və Serbiyada özəlləşdirməyə çıxarılmış müəssisələrə Azərbaycan şirkətləri tərəfindən maraq göstərildiyini və hazırda müvafiq araşdırmaların aparıldığını bildirib.

R. Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Kosovo məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür edib. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr genişləndirilməlidir. Azərbaycan şirkətinin Serbiyada infrastruktur sahəsində uğurlu fəaliyyətini qeyd edən R. Lyayiç Azərbaycan şirkətlərini Serbiyada həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir. Serbiyalı nazir energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələrində əməkdaşlıq imkanlarını da qeyd edib.

Humanitar sahədə əməkdaşlığa gəldikdə isə Şahin Mustafayev qeyd edib ki, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Serbiyanın Belqrad, Novi Sad və Novi Pazar şəhərlərində təmir-tikinti işləri görülmüş (“Taşmaydan parkı”, “Bayraqlı cami” məscidi, Üzeyir Hacıbəyov memorialı, mədəniyyət parkı və s.), sel fəlakətindən əziyyət çəkənlərə humanitar yardım göstərilib. Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.

İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri Ş. Mustafayev R. Lyayiç imzalayıblar. Sənəddə ticarət, investisiya, maliyyə, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, İKT, səhiyyə, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR