Qazaxda «Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilib

Qazaxda «Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilib
# 12 aprel 2013 14:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Qazaxda «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra tapşırıqlar verilib.

Aprelin 12-də Qazaxda dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov bildirib ki, ölkə prezidentinin sədrliyi ilə keçirilmiş «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib: «Ölkə başçısı çıxışında infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylar boyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadəni, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyənləşdirib. Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, meliorasiya işlərinin diqqətdə saxlanılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyən edilib. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda mövcud problemlərin həll olunmasına, məşğulluğun artırılmasına səbəb olacaq».

S.Məmmədov çıxışında hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramının hazırlandığını qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata keçirilən tədqiqat işlərinin istehsalata tətbiqinin səmərəliliyi barədə məlumat veriblər.

Tədbirdə ASK-ın baş katibi Məmmədəli Əfəndiyev çıxış edərək ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirmiş, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ixracyönümlü məhsul istehsalına nail olmaq üçün sahibkarların işgüzar fəallığının artırılmasının zəruriliyini vurğulayıb.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin əməkdaşı Elnur Abbasov çıxışlarında «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda Gəncə-Qazax iqtisadi rayonu, o cümlədən Qazax rayonu üzrə sahibkarlığın prioritet inkişaf istiqamətləri və milli istehsalçıların xarici bazarlara çıxış imkanları barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR