Tiflisdə PEMPAL proqramına üzv olan ölkələrin seminarı keçirilib

Tiflisdə PEMPAL proqramına üzv olan ölkələrin seminarı keçirilib
# 07 oktyabr 2015 20:50 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın Maliyyə Naziri Nodar Xaduri açaraq Gürcüstanda maliyyə sistemində həyata keçirilən yeniliklər haqqında məlumat verib.

Sonra tədbirdə maliyyə nazirinin müavini Laşa Xutsisşvili, maliyyə nazirinin müavini, dövlət xəzinədarlığının rəhbəri Tsodne Kavlaşvili, Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini, PEMPAL Xəzinədarlıq Cəmiyyətinin sədri Vüqar Abdullayev, Dünya Bankının rəsmisi, PEMPAL proqramının rəhbəri Yelena Nikulina və başqaları çıxış edərək dövlət xərclərinin idarə olunması sahəsində xəzinədarlığın informasiya idarəetmə sisteminin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fikirlərini və həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Tədbirə Albaniya, Azərbaycan, Belarus, Gürcüstan, Türkiyə, Tacikistan, Vaşinqton, Rusiya, Moldova, Montenegrodan gələn nümayəndə heyətləri, Dünya Bankı ekspertləri və mütəxəssisləri qatılıblar.

Tədbirdə Azərbaycan Maliyyə nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin informasiya texnologiyaları departamentinin rəhbəri Nazim Qasımzadə "Azərbaycanın timsalında Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminin Təhlükəsizliyinin təmin edilməsi" mövzusunda layihə təqdimatını keçirib. Üçgünlük seminarda Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa ölkələrinin dövlət xərclərinin idarə olunması üzrə PEMPAL proqramı ilə maliyyə sahəsində əldə edilən bilik və təcrübələrin mübadiləsi aparılıb. Seminarda PEMPAL proqramına üzv Dövlətlərin nümayəndələri müxtəlif mövzularda çıxışlar zamanı sistemin fəaliyyəti və onun tərkib komponentləri haqqında məlumat verilib, son illərdə əldə olunan yeniliklərin prinsipləri, digər sistemlər və təhlükəsizlik siyasəti haqqında ətraflı məlumat veriblər. Seminar iştirakçıları, həmçinin öz ölkələrindəki təcrübə və dövlət maliyyə sisteminin idarəetmə və elektron təhlükəsizlik sistemləri mübadiləsi haqqında da bilgilər veriblər. Sonda PEMPAL proqramına üzv olan ölkələrin nümayəndələrinə tövsiyə xarakterli tapşırıqlar verilib. Tədbirdə 10 ölkədən 42 nümayəndə iştirak edib.

Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini, PEMPAL Xəzinədarlıq Cəmiyyətinin sədri Vüqar Abdullayev APA-ya açıqlamasında seminarda xəzinədarlıq sistemində əldə etdikləri təcrübə ilə bağlı təqdimat həyata keçirdiklərini bildirib: "Tədbirdə xəzinədarlıq haqqında ətraflı məlumat verdik və təqdimat layihəsi ilə çıxış etdik. Beynəlxalq ekspertlər Azərbaycanda aparılan işləri yüksək qiymətləndirdilər".

Dünya Bankının rəsmisi, PEMPAL proqramının rəhbəri Yelena Nikulina APA-ya açıqlamasında Azərbaycan təcrübəsini yüksək qiymətləndirib: "Seminarda iştirak edən Azərbaycan nümayəndələrinin çıxışlarını dinlədik. Azərbaycan xəzinədarlığın informasiya idarəetmə sisteminin təhlükəsizliyinin təmin edilməsində liderdir. Biz keçən il Bakıda yüksək səviyyədə tədbir keçirdik və növbəti dəvəti gözləyirik”, deyə. Y. Nikitina bildirib.

Xatırladaq ki, eyni mövzuda tədbir keçən il Bakıda keçirilib və 22 dövlətdən 80-dən çox nümayəndə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR