Bratçikov: "Xəzərin dibinin bölünməsi ilə bağlı yaxın vaxtlarda razılıq əldə olunacaq"

Bratçikov: "Xəzərin dibinin bölünməsi ilə bağlı yaxın vaxtlarda razılıq əldə olunacaq"
# 08 iyul 2016 10:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Xəzər regionu ölkələri yaxın gələcəkdə faydalı qazıntı yataqlarının istifadəsi məqsədilə dəniz dibinin bölünməsi məsələsini həll edə bilər”.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzə səfiri, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun Rusiyadan olan nümayəndə heyətinin rəhbəri İqor Bratçikov deyib. O bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının 2014-cü ildə Həştərxanda keçirilmiş görüşündə sahilyanı ölkələr arasında sərhədlərin müəyyənləşdirilməsinin 2 istiqamətdə həll edilməsinin vacibliyi barədə razılaşma əldə olunub: “Birincisi, tərəflərin yeraltı sərvətlərdən istifadə ilə bağlı suveren hüquqlarını həyata keçirmələri üçün Xəzərin dibinin bölünməsidir. Bu istiqamətdə həmsərhəd olan və fikir ayrılıqlarına malik ölkələr ikitərəfli və ya üçtərəfli formatda danışıq aparırlar. Bu işin yarısı yekunlaşıb. Rusiya, Azərbaycan və Qazaxıstan, həmçinin Qazaxıstan və Türkmənistan arasında razılaşma əldə olunub. Ümid edirəm ki, bizim dostlarımız yolun digər hissəsini də belə uğurla gedəcəklər və yaxın gələcəkdə bu məsələ tam həll olunacaq”.

İ. Bratçikov qeyd edib ki, ikinci istiqamət su təbəqəsinin bölünməsidir: "Gələcəkdə Xəzərdə tərəflərin suverenliyi altında olan sular və balıqçılıq üçün müstəsna hüquq verən əlavə dəniz qurşağı müəyyənləşdiriləcək. Belə zonaların müəyyənləşdirilməsi ilə bağlı razılaşma beştərəfli formatda aparılır. Konvensiyada onların müddəti, hesablanma metodu, rejimi, ümumi istifadə olacaq böyük həcmdə akvatoriyanın statusu tənzimlənəcək. Sənədin əsas seqmentini isə gəmiçilik təşkil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR